Siyasi məhbuslar İşçi Qrupuna etiraz edirlər

Qurumun açıqlamaları etiraz doğurub; başqan müavini hüquq müdafiəçilərini İşçi Qrupunu tərk etməyə çağırdı
 
Novruz bayramı ilə əlaqədar imzalanan əfv sərəncamı ümidləri doğrultmadı. Məhbuslar və onların ailələrinin bu bayramdan gözləntiləri yüksək olsa da, əvvəldən cızılan tablo dəyişmədi. Siyasi motivlərə görə həbsxana həyatı yaşamağa məhkum edilmiş məhbusların əksəriyyətinə əfv şamil olunmadı.
 
Əvvəldən veriləcək əfv sərəncamında əsasən xəstə, cəzalarının böyük hissəsini çəkən, prezidentə müraciət edən məhbusların nəzərə alınacağı deyilirdi. Amma tam əksi oldu. Deyilənlərin heç biri həyata keçmədi. Hətta əfv üçün müraciət edən məhbuslar da azad olunmadı.
Məhbus ailələri son əfv sərəncamından narazıdırlar.
Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu atası ilə əfvdən sonra görüşmədiyini, yalnız telefon vasitəsilə əlaqə saxladıqlarını bildirdi: “Bir yenilik yoxdur. Bazar günü görüşəcəm. Əfvdən sonra görüş imkanı olmadı. Martın 22-də zəng etmişdi. Hər kəsi bayram münasibətilə təbrik etdi. Son əfvlə bağlı mövqeyini ifadə etdi. Danışarkən bunlari dedi: "Novella Cəfəroğlu, Səadət Bənəniyarlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı ölkədə kifayət qədər tanınmış və xeyli əməyi olan hüquq müdafiəçiləridir. Ancaq onların hələ də İşçi Qrupunda qalmaları çox üzücüdür. Mən təklif edirəm ki, həmin hüquq müdafiəçiləri İşçi Qrupunu tərk etsinlər. Çünki artıq neçənci dəfədir ki, onlarin siyasi məhbuslarla bağlı tələblərinə məhəl qoyulmur və hakimiyyət onlarla oynayır. Artıq orada qalmağın mənası yoxdur. Mən bu təklifi keçən dəfə də etmişdim”.
 
Müsavat başqanının həbsdəki digər müavini Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah əfvlə bağlı bunları dedi: “Əfvdən əvvəl və sonra Yadigar bəylə mütəmadi əlaqələrimiz olub. O, əfvə heç vaxt ciddi yanaşma sərgiləməyib. Qənaətim ondan ibarətdir ki, bu tamamilə fiaskodur. Yalnız iki nəfər - Bəşir Süleymanlı və Orxan Əyyubzadə istisna olmaqla, heç bir siyasi məhbusun adı siyahıda olmadı. Siyasi məhbuslara aid olmayan sərəncam kimi qiymətləndiririk. Hakimiyyətin insanları həbsdə sındırmaq cəhdinin davamı kimi baxırıq. Bununla bağlı münasibətimizi açıqlamışıq. Bir daha qeyd edirəm ki, işgəncələrə məruz qalan müsavatçılar Stalindən belə əfv diləməyiblər. Azərbaycan rejimi də başa düşməlidir ki, şəxsən müsavatçılar heç zaman onlardan əfv diləməyəcəklər. Onlar azadlığa öz ləyaqətləri ilə çıxacaqlar. Necə ki, ləyaqətləri uğrunda mübarizə apardıqları kimi”.
 
Milli Dövlətçilik Partiyasının (MDP) sədri Nemət Pənahlı əfvlə azad olunacağına heç zaman ümid etmir. Bu barədə musavat.com-a MDP rəhbərinin həyat yoldaşı Həcər Pənahlı danışdı: “Son əfvdən öncə Nemətlə görüşmüşdüm. Əfvdən sonra da telefonla əlaqəmiz olub. 4 il yarımdır nə gözləyibsə, indi də onu gözləyir. Yəni heç bir şey gözləmədiyini dedi. Əminliklə bildirdi ki, hər hansı bir formada əfvə düşəcəyi mümkün deyil. Hər dəfə görüşəndə hətta uşaqlarına vəsiyyətinə qədər belə edir. Çünki səhhəti çox ağırdır”.
 
Prezidentə müraciət etməsinə baxmayaraq, hələ də həbsdə qalan NİDA-çı gənclərdən Rəşadət Axundov hüquq müdafiəçilərinin ümidverici açıqlamalar vermələrini doğru hesab etmir. Gənc fəalın həyat yoldaşı Türkan Hüseynova martın 21-də onunla görüşdüyünü söylədi: “Bayram günü görüşdük. Əfvlə bağlı onu dedi ki, 4-5 siyasi məhbusun azadlığa çıxacağını gözləyirdi. Amma bu dəfə əvvəlkilərə nisbətən daha az məhbus azadlığa çıxdı. Yalnız Orxan Əyyubzadə və Bəşir Süleymanlı azadlığa çıxdı. Hüquq müdafiəçilərinin məhbusların valideynlərini bu qədər ümidləndirmələrini səhv hesab etdiyini bildirdi. Çünki valideynlər ümidli olanda, sonda onlar azadlığa çıxmayanda çox pis olurlar. Əsas valideynlərini və yaxınlarını düşünürlər”.
 
Əfv ərizəsi yazan daha bir NİDA-çı gənc Ömər Məmmədovun atası Əlyar Məmmədov martın 24-də oğlu ilə görüşdüyünü bildirdi: “Çox ümid edirdik ki, Ömər azad olunacaq. Amma təəssüflər olsun ki, alınmadı. Başqa söz deyə bilmərəm. Hər şey onların əlindədir. İndi də ümidimiz may ayınadır. Özü də görüş vaxtı dedi ki, Rəşadətlə birlikdə əfvə ümid etmirdilər. Ola bilsin ki, ürəyində ümid edirdi. Amma büruzə vermirdi. Paltarlarını bizə vermişdi ki, alınmasa qaytararsınız. Amma çox bikef deyildi. Özünü yaxşı aparırdı. Bizə hiss etirmirdi. Gözləyək görək may ayında onda nə olacaq. Əsas şikayətim İşçi Qrupunadır. Gündə bir bəyanat verirlər. Başa düşmürlər ki, onlardan asılı məsələ deyil. Valideynləri bu qədər həyəcanlandırmasınlar. Hər bəyanatda deyirlər ki, filan məhbuslar buraxılacaq. Heç olmasa deməsinlər. Bir dəfə olsun ki, bir məhbusa baş çəkməyiblər”. musavat/

Google+ WhatsApp ok.ru