Siyasi Məhbusların Monitorinqi Mərkəzi: Yunusların hüquqlarına hörmət edin!

Siyasi Məhbusların Monitorinqi Mərkəzi hüquq müdafiəçiləri Leyla və Arif Yunusun işi üzrə istintaqın və məhkəmənin kobud prosessual pozuntularla keçirildiyi haqqında bəyanat yayıb. 
 
Mərkəzin Turan agentliyinə daxil olmuş bəyanatında deyilir ki, hələ ibtidai istintaq zamanı müdafiə tərəfinin bütün vəsatətləri təmin edilməyib. Bu zaman üç vəkil - Əlaif Həsənov, Cavad Cavadov və Xalid Bağırov əsassız olaraq prosesdən uzaqlaşdırılıb.
 
Məhkəmə prosesi ilk gündən kobud prosessual pozuntularla müşaiyət olunur, vətəndaş cəmiyyətinin, mətbuatın, beynəlxalq təşkilatların və diplomatların iclasda iştirakı məhdudlaşdırılır.
 
“Bütün bunlar yüksək vəzifəli məmurların qanunsuz müdaxiləsini, dövlət aparatının istintaq və məhkəmə orqanlarına təzyiqini göstərir”, deyə bəyanatda qeyd edilir.
 
Sonda hakimiyyətdən Yunuslara qarşı özbaşınalığa son qoymaq, onların Konstitusiya hüquqlarına riayət etmək və məhbusların insan ləyaqətinə hörmət etmək tələbi yer alır.
 
* Siyasi Məhbusları Monitorinq Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş “vicdan məhbusu” tərəfindən yaradılıb. Təşkilata hüquq müdafiəçisi Elşən Həsənov rəhbərlik edir. azadliq/

Google+ WhatsApp ok.ru