`Süni şəkildə manatın məzənnəsini qaldırdılar, sonra isə...`

`Süni şəkildə manatın məzənnəsini qaldırdılar, sonra isə...`

Ölkə banklarının durumu bu il ərzində kəskin şəkildə pisləşib. Bu pisləşmə bir hissəsində bağlanmaya səbəb olsa da, çətin durumda fəaliyyətini davam etdirən banklar da var. Ekspertlər bankların vəziyyətinin ilin sonuna qədər də pisləşməkdə davam edəcəyi qənaətindədirlər.
 
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, on ay ərzində həm ölkədə iqtisadi durum, həm də xüsusilə bankların durumu xeyli pisləşib: “Söhbət yalnız konkret iqtisadi göstəricilərdən də getmir. Bu da vacibdir. Konkret bank sisteminə etimadın sarsılmasından gedir. Çünki biz bilirik ki, bank sistemi ilk növbədə etimada əsaslanır. Bu son on ay ərzində də etimad tam sarsılıb. Ona görə ki, Azərbaycanda bu il ərzində ondan çox bank bağlanıb. Hər dəfə də banklar bağlanandan sonra rəsmilər deyirlər ki, daha bağlanmayacaq. Hər dəfə də banklar bağlanır. Əhalinin orada xeyli vəsaitləri batıb. Söhbət əsas sığorta edilməmiş əmanətlərdən gedir. Bu baxımdan, maliyyə sistemi, bank sistemi ilk növbədə əhalinin və sahibkarların banklara qoyduğu pulla ölçülür. Biz də görürük ki, bu il ərzində əmanətlərin həcmi kəskin şəkildə azalıb. İkincisi, yenə də maliyyə sisteminə qayıdırıqsa, burada bir şeyi qeyd edim ki, müsbət tərəf sığorta edilmiş əmanətlərin qaytarılmasıdır. Əmanətlərin Sığortalanması Fondu bu vəsaiti qaytarıb və qaytarır. Heç olmasa, bu sarıdan dövlət düzgün mövqe tutdu ki, nəyin bahasına olursa-olsun, sığortalanmış əmanətləri mütləq qaytarmaq lazımdır. Amma sığorta edilməmiş əmanətlərdə vəziyyət pisdir”. 
 
Ekspertin sözlərinə görə, digər tərəfdən, problemli borc məsələləri daha da artıb və kəskinləşib: “Bu, həm onunla bağlıdır ki, devalvasiya, yəni dollar borcu olanların borcu daha da artıb. Çünki il ərzində biz gördük ki, manat bir neçə dəfə devalvasiyaya məruz qalıb. Bu müddət ərzində bəzən süni şəkildə manatın məzənnəsini qaldırdılar. Amma yenə də sonra öz vəziyyətinə qayıdırdı. Buna görə də bu, borc məsələləri olduğu üçün qalıb. Bu barədə biz həmişə öz fikirlərimizi bildiririk. Banklar da bu məsələdə güzəştə getmir. Dövlət də faktiki olaraq birmənalı bildirir ki, bu məsələyə müdaxilə etməyəcək, banklar vəsaitləri hesabına bunu həll etməlidir. Amma təəssüf ki, banklar da bunu etmir. Vətəndaş-bank qarşıdurması bu on ay ərzində daha da kəskinləşib. Mən qorxuram ki, bundan sonra daha da vəziyyət pisləşsin. Etimad baxımından ən pis hal avqust və sentyabr aylarında baş verdi. Bu, dollar qıtlığı ilə bağlı idi. Bu, demək olar ki, maliyyə bazarına etimadı tam sarsıtdı. Çünki açıq-aydın idi ki, kimlərsə ”qara bazar"a imkanlar yaratdılar və vətəndaşların, sahıbkarların xeyli pulunu baha qiymətlə aldılar. Sonra isə dolların qiymətini təzədən aşağı saldılar. Bu, bir-iki gün yox, bir neçə həftə davam etdi. Buna görə də aydın idi ki, təsadüfən baş verə bilməzdi. Küçədə duran hansısa təsadüfi dollar alverçilərinin istəyi ilə baş verə bilməzdi. Bir neçə həftə davam edirsə, deməli, bunun arxasında çox ciddi qüvvələr durmuşdu. Bu, milli valyutaya etimadı tamamilə sarsıtdı". 
 
Ə.Həsənov vurğulayıb ki, on ay ərzində banklara nəzarət də gözlənildiyinin əksinə olaraq güclənməyib: “Bank nəzarəti səlahiyyəti bankdan Maliyyə Bazarlarına Nəzarət Palatasına keçdi. Gözlənti var idi ki, nəzarət güclənəcək. Amma əksinə, zəifləyib. Bunun həm obyektiv səbəbləri də var. Əlbəttə ki, ölkədə iqtisadi vəziyyət pisdir. Subyektiv səbəbi də odur ki, keçmiş bank nəzarətçisi olan Mərkəzi Bank müxtəlif yollarla Maliyyə Bazarlarına Nəzarət Palatasına işləməyə imkan vermir. Bu da başadüşüləndir. Çünki indiki vəziyyət onun bir sıra buraxdığı səhvlərin nəticəsidir. ”Bank Standard"ın da aqibəti hər şeyi göstərdi. Faktiki olaraq Mərkəzi Bank Palatanı aldatmışdı. Yəni ona demişdi ki, bankı sağlamlaşdırmaq olar. Amma sonradan məlum oldu ki, sağlamlaşdırmaq mümkün deyil. O cümlədən ona görə ki, Mərkəzi Bank tərəfindən bank nəzarəti elə bərbad şəkildə həyata keçirilmişdi ki, o bankı artıq xilas etmək mümkün deyildi. Bu da, əlbəttə, cəmiyyətdə, xüsusən də bank məsələlərini bilən insanlarda belə təəssürat yaratdı ki, bizim bu aidiyyəti dövlət orqanları hətta o problemləri tam dərk etmirlər. Və banklardakı vəziyyəti də, əslində o problemlər nədən ibarətdir, bilmirlər, nə etmək lazımdır, onu da bilmirlər. Bu səbəbdən düşünürəm ki, ilin sonuna vəziyyət daha da pisləşəcək". /

Google+ WhatsApp ok.ru