SOCAR Gürcüstanda benzini ucuzlaşdırır, Azərbaycanda isə yox

Natiq Cəfərli: «ARDNŞ Gürcüstanda qiyməti salmasaydı, bazardan çıxarılardı»

Maide.az-ın məlumatına görə, “Socar Georgia Petroleum” Gürcüstanda neft məhsullarının qiymətini azaltmaqda davam edir. Azərbaycan Dövlət Neft Şirkətinin törəməsinə məxsus yanacaqdoldurma məntəqələrində oktyabrın 13-dən neft məhsullarının bütün növlərində qiymətlər aşağı salınıb. Oktyabrın 17-dən qiymətlər yenidən 3-5 tetri, yəni 1-2 qəpik azaldılıb.
 
“Socar Georgia Petroleum”a məxsus yanacaqdoldurma məntəqələrində dizel yanacağının 1 litri 2,04 lari, (91 qəpik), Avropa standartlarına cavab verən dizel yanacağının 1 litri isə 2,21 lariyə (99 qəpik) satılır. “Requlyar” benzininin 1 litrinin qiyməti 2,04 lari (91 qəpik), “Avrorequlyar” - 2,08 lari (93 qəpik), “Premium”-2,16 lari (97 qəpik), “Super”-2,25 lari (1,01 manat) təşkil edir.
 
Son iki ayda “Socar Georgia Petroleum”un yanacaqdoldurma məntəqələrində neft məhsullarının qiyməti 6 dəfə aşağı salınıb.
 
Gürcüstanda bazara uyğun şəkildə neft məhsullarının qiyməti ucuzlaşdırılsa da, bu təcrübə Azərbaycanda yox dərəcəsindədir. Görəsən, ARDNŞ Azərbaycanda qiymətləri nədən ucuzlaşdırmır?
 
İqtisadçı-ekspert Natiq Cəfərli "Azadlıq"a deyib ki, Gürcüstan bazarında kifayət qədər güclü və müxtəlif oyunçular var. Liberal bazar çərçivəsində dünyada neftin qiymətindən asılı olaraq, benzinin, yanacağın qiymətində də dəyişikliklər olur. Yəni, bazar bu məsələni özü tənzimləyir: “Əsasən, son iki ayda dünyada neftin qiymətində kəskin, təqribən 25 faizə yaxın ucuzlaşma baş verdi. Bu ucuzlaşma təbii ki, benzinin, yanacağın qiymətinə də sirayət edir. Gürcüstanda rəqabətli mühit olduğundan şirkətlər məcburən benzinin qiymətini aşağı salırlar. Azərbaycan Dövlət Neft Şirkəti də həmin  bazarda oyunçulardan biridir və o bazarın qaydalarına uyğun olaraq, addımlar atmalıdır. ARDNŞ qiyməti dəyişməsəydi, yuxarı həddə saxlasaydı, sadəcə olaraq, bazardan sıxışdırılıb çıxarılardı. ARDNŞ-in oradakı atdığı addımlarla  Azərbaycandakı fəaliyyəti arasındakı kəskin fərq bundan ibarətdir. Neft Şirkəti Azərbaycanda təbii inhisarçı, dövlət şirkətidir. Bazarda topdan benzin satışında digər oyunçular yoxdur. Azərbaycanda rəqabətli mühit olmadığına görə  dünya bazarında baş verən proseslər burdan yan keçir. Yalnız inhisarçı şirkət olan ARDNŞ-in özünün siyasəti və strategiyasına uyğun qiymət dəyişikliyi baş verir. Eləcə də Tarif Şurası bu işi tənzimləyir. Ümumiyyətlə, rəqabətli mühitin olmaması və SOCAR-ın inhisarçı mövqeyindən istifadə edərək, qiymətləri tənzimləməsi Azərbaycanda istehlakçıların marağına ciddi ziyan vurur”.

Google+ WhatsApp ok.ru