`Sovetski`də yaşayan 94 ailə yeni binaya köçəcək

Bakı şəhərinin Baş Planına əsasən, Yasamal rayonunda, "Sovetski" adlanan ərazidə sakinlərin köçürülməsi və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir.
 
Rayon İcra Hakimiyyətindən bildirilib ki, köçürmə prosesinin ikinci mərhələsində alqı-satqı prosesi və söküntü işləri həyata keçirilir.
 
Məlumata əsasən, hazırda kiçik sahəli mənzillərin sakinlərinin yeni mənzillərlə təmin edilməsi istiqamətində işlər icra olunur. Artıq Nərimanov rayonu ərazisində 9 mərtəbəli, 2 bloklu tamamilə rekonstruksiya olunmuş binada 2 otaqlı 104 mənzil hər bir kommunal şəraitlə təchiz edilərək, kiçik sahəli mənzillərin sakinlərinə verilib. Yaxın günlərdə onlardan 94 ailə yeni mənzillərə köçə biləcəklər. Bununla da, ən aktual problemlərdən biri qismən də olsa, həllini tapacaq.
 
Söküntü ərazisində müasir infrastruktura uyğun yol çəkilişi artıq yekunlaşmaq üzrədir. Belə ki, Nəriman Nərimanovun abidəsinin arxa tərəfindən Qurban Xəlilov küçəsi boyunca Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinə daxil olmadan Hüseyn Cavid parkına qədər 1 kilometrə yaxın yeni yolun istifadəyə verilməsi üçün görülən işlər başa çatmaq üzrədir.
 
Paytaxtda tıxac probleminin aradan qaldırılmasında bu işlərin böyük əhəmiyyəti var. Çəkilən yol vasitəsilə həmin əraziyə nəqliyyatın birbaşa çıxışı təmin ediləcək. Bununla da Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektində tıxac problemi demək olar ki, öz həllini tapacaq.
 
Bundan əlavə, yol kənarında sahəsi 7 min kvadratmetrdən böyük olan park yaradılıb. Yol kənarlarına mərmər bardür düzülüb, yeni işıqlandırma sistemləri yaradılaraq, 80-nə yaxın işıq dirəyi quraşdırılıb. Yeni salınmış yola asfalt örtüyü, piyadalar üçün səkilərə üzlük plitələr döşənib.

Google+ WhatsApp ok.ru