Təqaüdçü müəllim: `İşığımı kəsənlər elə öz şagirdlərimdir`

Təqaüdçü müəllim: `İşığımı kəsənlər elə öz şagirdlərimdir`

"Dedim, ‘pensioner, xəstə adamlarıq. İşığı kəsməyin, gedin, mayın 20-də pensiyamı alıb gətirib bir az ödəyərəm’. Dedilər, ‘yox, rəis göstəriş verib ki, borcu olanların işığını kəsək’".
 
İmişlinin Qızılkənd sakini Allahyar Bayramov AzadlıqRadiosu-na 1 həftədir ki, işıqsız qaldığını deyir. Yerli işıq idarəsinin nəzarətçiləri onun evinə gedən işıq xəttini yerli-dibli kəsiblər. Səbəb də sərfiyyata görə yaranan borcdur.
 
“İŞIĞIMI KƏSƏN ÖZ ŞAGİRDLƏRİMDİ”
Ancaq abonent deyir, hər ay təqaüdünü alanda əvvəldən qalan borcu azdan-çoxdan ödəyir:
"47 il elə bu kənd məktəbində Azərbaycan dili, ədəbiyyat fənlərini tədris etmişəm. Dörd dəfə rayondan ilin ən yaxşı müəllimi seçilmişəm. Əmək veteranıyam. İndi pensiyadayam. Elə işığımın kəsilməsinə göstəriş verən də, gəlib kəsən də öz şagirdlərimdir (gülür). Adama sual verərlər, ‘axı mən hər ay pensiyamdan aparıb borcu, hissə-hissə də olsa, ödəyirəm. Mənim işığımı niyə kəsirsiz, ay mənim şagirdlərim’ (yenə gülür)”.
 
İşıq xətti 170 manat borca görə kəsilib. Allahyar Bayramov deyir, insaf da yaxşı şeydir, axı o, hər ay azdan-çoxdan borcu ödəyir:
 
“QARNINA ÇÖRƏYƏ PUL TAPIRSAN”
"270 manat təqaüd alıram, bunun dərmanı, ərzağı, ailənin başqa qayğıları... Bununla belə, ayda 50, 70 manat keçirirəm. Bircə son iki ayda imkansızlıq olub, 10-18 manat ödəmişəm. İnsanıq, birdən olur, çörəyə də pul tapılmır. Buna görə gəlib pensionerin işığını kəs, özünə də de ki, ‘telefon haqqı verə bilirsən, qarnına çörəyə pul tapırsan, işıqpuluna çatanda deyirsən, gözlə’. Bunu mənə işığımı kəsəndən sonra zəng vurduğum "Azərişıq"ın qaynar xəttindəki qız dedi. Məni yandıran odur ki, ödəməkdən imtina eləmirəm, ancaq pensiyaya qədər gözləmədilər. Nə qocaya, nə xəstəyə, nə əlilə, nə təqaüdçüyə humanistlik hissi qalmayıb".
 
Allahyar Bayramov deyir, işığı kəsilməmişdən əvvəl kənddə işıq dirəkləri və kabellər dəyişdirilib. Ancaq onların məhəlləsindəki təzə kabel haradansa çıxarılıb gətirilmiş və məhəllənin yaxınlığında basdırılmış elə köhnə dirəyə bağlanıb:
 
"Kənddəki dirəklər, kabellər Sovet vaxtından qalmışdı, çürük-çürük, qəzalı vəziyyətdəydi. Dedilər, guya dirəklər də, kabellər də yenilənir. Kəndin bir tərəfinə dəmir dirəklər basdırdılar, biz tərəfləri elə köhnə dirəklə yola verdilər. Apardılar kabeli bağladılar köhnə dirəyə, sonra da ‘borcun var’ deyib, təzədən dirəkdən ayırıb getdilər".
 
“QANUNSUZDUR”
Uzun sözün kəsəsi, bir həftədən çoxdur ki, təqaüdçü ailəsi şam ümidinə qalıb. İmişli rayon işıq idarəsi isə, deyəsən, borc qəpiyinədək ödənilməyincə işıq kabelini birləşdirmək fikrində deyil. İdarədən bildirilib ki, abonent əvvəldən yığılıb qalmış borcunu ödəməyənədək qanunla idarənin işığı kəsmək səlahiyyəti var. Bu barədə Allahyar Bayramova əvvəlcədən bir neçə dəfə rəsmi xəbərdarlıq olunub.
 
Hüquqşünas Namizəd Səfərov deyir, işıqpulu ödəməyən abonentin işığını qanunla kəsmək olar. Ancaq durum A. Bayramovun dediyi kimidirsə, bu halda yox: "Abonent yeni yaranmış borcla bərabər köhnə borcdan da ödəyirsə, elektrik enerjisinin verilişini dayandırmaq qanunsuzdur. Allahyar Bayramov ödəniş qəbzlərini də təqdim etməklə "Azərişıq"ı məhkəməyə verə bilər". /

Google+ WhatsApp ok.ru