Taleyi neftdən asılı manat

Taleyi neftdən asılı manat

"Exo" qəzeti "Azərbaycan manatı devalvasiyaya məhkumdur?" sualına ekspert Əkrəm Həsənovla cavab axtarır.
 
"Hazırda Azərbaycan manatının məzənnəsi neftin qiymətindən, bir az da ölkədə artmaqda davam edən manat kütləsinin həcmindən asılıdır. Amma indidən demək olmaz ki, neftin qiyməti sabitləşib və artmaqda davam edəcək. Düşünmürəm ki, neftin qiyməti 60 dollara yüksələcək, aparıcı ölkələr öz aralarında razılığa gəlməsələr, situasiya sabitləşməyəcək",- deyə o qəzetə bildirib.
 
Yaxın illərdə dövriyyədə manat kütləsinin azaldığına toxunan ekspert deyib ki, Mərkəzi Bank əvvəl-axır milli valyutanın kütləsini artıracaq. Bütün bunlar isə manatın məzənnəsinin yenidən düşməsinə səbəb olacaq: "Bu ona görə edilib ki, manatın məzənnəsi tam düşməsin. Çünki lazımi qədər manat kütləsinin olmaması ödəniş sistemini "iflic" hala salıb".
 
Ekspert manatın hazırkı məzənnəsinin artmasını "süni proses" adlandırır. O hesab edir ki, Mərkəzi Bank manat kütləsinin həcmini dövriyyədə azaltmaqla əhalinin əlində olan dollarları ucuz qiymətə alaraq, öz valyuta ehtiyatlarını artırmaq məqsədi güdür.
 
Yazıda beynəlxalq reytinq agentliklərinə istinadən qeyd edilir ki, neft hasil edən ölkələrin valyutalarının gələcək məzənnəsi də elə neftin qiymətinin sabitliyindən asılı olacaq: "Rus rublu və Qazaxıstan təngəsi vəziyyətdən çıxa bildi. Amma Azərbaycan manatı hələ də neftin qiymətindən asılı olaraq qalır. Xarici valyutaya tələbat və ölkə iqtisadiyyatının sabitləşəcəyinə inamın azlığı fonunda manat daha da zəifləyir".
 
Yazıda deyilir ki, manatın üzən məzənnə rejiminə keçdiyi bildirilsə də, bu, heç də həqiqət deyil. Müəllifə görə, manatın gələcək taleyi neftin qiymətindən və hökumətin apardığı iqtisadi siyasətin səmərə verib-verməməsindən asılı olacaq. /

Google+ WhatsApp ok.ru