Topdansatış mərkəzlərində ticarət dayanıb

Hər addımbaşı ticarət obyektlərinin üstünə ya “icarəyə verilir”,  ya da “70 faiz endirim” sözləri qeyd olunub.  “Bizim Yol”a danışan “Sədərək” Ticarət Mərkəzində çalışan ticarətçilər bunu əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edirlər. Durumun fərqində olan bazar rəhbərliyi icarə haqqına 100-200 manat endirim edib. Satıcılar alveri  əsasən paytaxt sakinlərinin hesabına etdiklərini deyirlər. Əvvəl qonşu Gürcüstan və Rusiya bazarları “Sədərək”dən aparılan geyim məhsullarının hesabına fəaliyyət göstərirdi. İndi həmin ölkələrdən bazarlara gələnləri barmaqla saymaq olar. 
 
Satıcıların sözlərinə görə, paytaxtın mərkəzində yerləşən mağazalar malları onlardan alıb aparırlar.
“Bunu da alıcılar bilirlər. Odur ki, onlar “Sədərək”ə gəlib, malı burdan sərfəli qiymətə almaq istəyirlər. Bəzən bura gəldiyinə təəssüflənən də olur. Buna səbəbkar isə biz deyilik. Manatın devalvasiyasından sonra qiymət artımı müşahidə olunur. Yəni milli valyuta ilə dolların qiyməti bərabərləşsə, qiymətlər alıcıların ürəyincə olacaq. Alver yoxdur, çünki alıcılar bütün ticarətçilərə yetəcək deyil. Ticarət mərkəzinin qarşısında gördüyünüz avtomobillərin əksəriyyəti ticarətçilərə məxsusdur. Onların da çoxu kreditlə alınıb. Geyim məhsulları bazarında vəziyyət acınacaqlıdır”,-deyə satıcı Əli Məmmədov bildirir. 
 
Ticarətçilərdən öyrəndik ki, piştaxtalarda yer haqqı 250-350 manat, dükanlarda isə yer haqqı 1000-2500 manat arasında dəyişir. Qiymət fərqi sıralardan və  giriş-çıxışa olan məsafələrdən asılıdır. Yəni insanların çox hərəkət etdiyi yerlərdə icarə qiymətləri baha, əks halda ucuzdur. Ticarətçilərdən onu da öyrəndik ki, geyim sahəsində ən gəlirli sahə uşaq geyimlərinin satışı ilə bağlıdır. 
 
Alıcı Emin Əliyev satıcılar tərəfindən aldadıldıqlarını bildirir: “Malın qiymətini bizə iki qat baha deyirlər, endirim adı ilə bir qat bahasına bizə satırlar. Elə aldığım maaşdır, vacib olan şeylər dalınca gəlmişəm ki, şəhərdən bir az ucuz alım. Amma şəhər qiymətinə alıram”.
 
Ticarət Mərkəzinin “Elit” bölməsini tərk edirdik ki, xəz dəri satan həmkarlarını sevinc içində “yağış yağdığını” xəbərdar etdi. Onun sözlərinə görə, bir aya yaxındır ki, alver etmir: “Alverimiz zəifdir, yer pulu ödəməlisən. Malı satırsan, ancaq yer puluna çatır. Tək mən deyiləm, burda çoxları belədir. Yəqin ki, alıcıları da danışdırmısınız. Çox güman ki, hamısı qiymət artımından narazılıq edib. Mən də dolların bahalaşmasından narazıyam. Mənim qazancım da artmayıb. Bazara müştəri gəlmir. Günlərlə heç icarə haqqını da çıxara bilmirik. Hamı görür ki, bazara gələn yoxdur. Bazar rəhbərliyi bunu nəzərə alıb, icarə haqqında yenə güzəşt etməlidir”.
 

Google+ WhatsApp ok.ru