Vətəndaşlıqdan çıxma qaydaları dəyişdirilir

Azərbaycan Respublikası vətəndaşlığına bərpa və vətəndaşlığında çıxma qaydaları dəyişdirilir, yeni səlahiyyətlər müəyyənləşdirilir.
 
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanuna əlavə və dəyişikliklər təklif edilir.
 
Əlavə və dəyişikliklər layihəsinə əsasən, qanunun 15-ci (Azərbaycan Respublikasının vətəndaşlığına bərpa) və 17-ci (Azərbaycan Respublikasının vətəndaşlığından çıxma) maddələrinə belə bir bənd əlavə edilir: «Azərbaycan Respublikasının vətəndaşlığına bərpa və yaxud vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur».
 
Konstitusiyanın 109-cu maddəsi «Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri» adlanır. Burada 20-ci bənddə deyilir ki,Azərbaycan Respublikasının Prezidenti «vətəndaşlıq məsələlərini həll edir». 
 
Layihədə qanunun 16-cı (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi üçün əsaslar) maddəsinin ikinci hissəsinin («Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində») ləğvi də nəzərdə tutulur. Bundan başqa, layihəyə əsasən qanunun 18-ci (Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi) maddəsində qaydalara məhkəmə tərəfindən verilən qərarla itirilməsi qaydaları da əlavə edilir.
 
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və sentyabrın 30-da müzakirəyə çıxarılacaq. /

Google+ WhatsApp ok.ru