Vergi dərəcəsi və cərimələr artırıldı

Dekabrın 8-də rəsmi qəzetlər Vergi Məcəlləsinə prezident İlham Əliyevin təsdiqlədiyi dəyişiklik və əlavələri dərc edib.
 
Dəyişiklərə görə, sadələşdirilmiş vergi dövriyyəsi artırılıb. Gələn ildən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 min manat və daha az olanlar sadələşdirilmiş vergi ödəyicisi ola biləcəklər. İndiyədək həmin dövriyyə 120 min manatla məhdudlaşırdı.
 
Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatı aşan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər də, istəsələr, sadələşdirilmiş vergi ödəyicisi ola biləcəklər.
 
Sadələşdirilmiş verginin dərəcəsi ticarət fəaliyyəti üzrə — 6, ictimai iaşə fəaliyyəti üzrə — 8 faizə qaldırılıb.
 
Nağd pul əməliyyatlarının aparılması qaydalarının pozulmasına görə maliyyə sanksiyaları yalnız ictimai iaşə və ticarətlə məşğul olanlar üçün aşağıdakı şəkildə artırılıb:
 
- Təqvim ili boyunca belə hallara 1-ci dəfə yol verildikdə 2 min manat, 2-ci dəfə yol verildikdə 4 min manat, üç və daha çox dəfə yol verildikdə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Digərləri üçün köhnə sanksiya məbləği, müvafiq olaraq 400, 800 və 1200 manat qaydası saxlanıb;
 
- Bələdiyyələr üçün mədən vergisinin (hər kubmetr üçün) dərəcəsi 50 qəpikdən 1 manata qaldırılıb;
 
- Bina tikintisində vergitutma obyektinin hər kvadratmetrinə 45 manat (əvvəllər 10 man. idi) sanksiya müəyyənləşdirilib. Əmsallar Vergi Məcəlləsinə salındığından Nazirlər Kabinetinin müvafiq qaydasına ehtiyac qalmayıb. Bakı şəhərində əmsallar belə olacaq: 1-ci zona – 4; 2-ci zona – 3; 3 və 4-cü zonalar -2.2; 5 və 6-cı zonalar – 1.8; 7,8 və 9-cu zonalar - 1.5; 10,11,12-ci zonalar – 1.2.azadliq /

Google+ WhatsApp ok.ru