Yarımçıq binalar, evsiz vətəndaşlar

Yarımçıq binalar, evsiz vətəndaşlar

"Exo" qəzeti "Azərbaycanda binaların tikintisi onlayn izlənsinmi?" sərlövhəli məqalədə paytaxtda bir çox binaların inşasının yarımçıq qalmasının səbəbləri ekspertlərlə dəyərləndirilir.
 
Müəllif yazır ki, bu yarımçıq binalar 2000-ci illərin əvvəllərində Bakını bürümüş "tikinti bumu"ndan böhran dövrünə qalan tikililərdir.
 
Ekspert Rəşad Əliyev də qəzetə deyib ki, Bakıda yarımçıq qalan çoxmərtəbəli binalar çoxdur: "Belə də olur ki, təməl qoyulur, sahibkar tikintini iki ildən də tez başa vuracaqları vədi verir. Ancaq reallıqda isə tikinti deyiləndən iki dəfə də çox davam edir. Səbəblər isə müxtəlifdir. Hüquqi məsələlər, keyfiyyətin normalara cavab verməməsi, sənədlərdəki problemlər, tikinti sahibinin maliyyə problemləri və sairə".
 
Ekspert bildirib ki, bəzi hallarda tikinti şirkətləri vətəndaşlardan pulu yığıb, ancaq mənzil verməyib.
 
R.Əliyev hesab edir ki, tikinti 4-6 ay "donmuş" durumda qalıbsa, bu, artıq problemlərdən xəbər verir.
 
Başqa bir ekspert Nəriman Ağayev isə deyib ki, hər tikilən 100 çoxmərtəbəli binanın 3-də belə problemlər yaşanır: "İqtisadi böhran, maliyyə problemləri özünü tikinti sahəsində də göstərir. Vətəndaşlar tikintisi davam edən binada mənzil almaq üçün sahibkara pul ödəyirlər. Tikinti qeyri-müəyyən müddətə uzanır, bu zaman hətta vətəndaş pulunu belə, geri ala bilmir".
 
N.Ağayev deyib ki, hazırda Bakıda tikintisi başa çatmayan 20 belə yarımçıq çoxmərtəbəli bina var.
 
Ekspertlərə görə, belə məsələlər Nazirlər Kabineti səviyyəsində həll olunmalıdır. /

Google+ WhatsApp ok.ru