Yeni hesabat: `Azərbaycanda vətəndaş haqlarının durumu Somali ilə eynidir`

Yeni hesabat: `Azərbaycanda vətəndaş haqlarının durumu Somali ilə eynidir`

2017-ci ildə dünyanın sosial cəhətdən ən mütərəqqi ölkələrinin siyahısında Azərbaycan 76-cı pillədədir. Azərbaycan ortadan aşağı (lower middle) ölkələr kateqoriyasına daxildir.
 
ABŞ-ın Social Progress Imperative təşkilatının hər il açıqladığı sosial tərəqqi (The Social Progress Index - TSPI) indeksində belə deyilir.
 
İndeks insanların həyat keyfiyyətini səciyyələndirən bir sıra meyarlar araşdırılmaqla dünyanın 130-a yaxın dövlətini əhatə edib. Təşkilatın ekspertləri ölkələri tibb, sanitariya, həyat şəraiti, təhsil, texnologiyalardan istifadə, seçim və söz azadlığı, tolerantlıq və insan hüquqlarının müdafiəsi meyarlarına görə dəyərləndiriblər.
 
İndeksdə ən yüksək balları alan və reytinqdə birinci yeri tutan Danimarka olub. İkinci yerdə Finlandiyadır, o, ötən il də lider idi. İlk üçlüyü İslandiya bağlayır.
 
Azərbaycan nədə üstündür, nədə geridədir
 
Ötən illə müqayisədə Azərbaycan yalnız bir pillə irəliləyib, amma yenə də nisbətən əlverişsiz ölkələr qrupunda qalıb. "Təməl məlumatları əldə etmə", "qidalanma və təməl tibbi xidmət" meyarlarına görə ölkə yüksək göstəricilər göstərsə də (müvafiq olaraq 98,42 və 96,18 bal), "mənzil", "su təchizatı və sanitariya", "şəxsi təhlükəsizlik" kateqoriyalarına görə nəticələr o qədər də sevindirici deyil. Bu kateqoriyalar üzrə 82,40, 76,97 və 75,10 bal toplaya bilib.
 
Amma "şəxsi hüquqlar" (18,40 bal), "tolerantlıq və inteqrasiya" (39,90 bal), "şəxsi azadlıq və seçim" (48,17 bal), "ali təhsil əldə etmə" (51,53 bal), "ətraf mühitin keyfiyyəti" (59,42 bal) meyarları üzrə Azərbyacanın göstəriciləri müqayisədə çox aşağıdır. Azərbaycanda vətəndaşların şəxsi hüquqları sahəsində vəziyyət Somali ilə eynidir.
 
Araşdırmaların nəticələrinə görə, ali təhsil əldə etmək imkanları məhduddur. Bundan başqa, ölkədə ekologiya ilə bağlı vəziyyət də yaxşı deyil.
 
Azərbaycan Gürcüstan və Ermənistandan da geridir
 
Ermənistan 69,01 bal yığıb və TSPİ-də 59-cu yeri tutub.
 
Regionun lideri Gürcüstandır, o reytinqdə 53-cü yerdədir. Tədqiqatçıların rəyinə görə, bu ölkədə təməl təhsil əldə etmək (99,26), qidalanma və təməl tibbi xidmət (95,96), su və sanitariya (90,26), şəxsi təhlükəsizlik (82,87) və mənzil (79,48) sahəsində vəziyyət digərlərindən yaxşıdır. Ali təhsil əldə etmə səviyyəsinə görə 55,8 bal, şəxsi azadlıq və seçimə görə 57,87, ətraf mühitin keyfiyyətinə görə 58,74 bal, sağlamlıq və rifah səviyyəsinə görə 62,85 bal alıb.
 
Siyahıda daha sonra Türkiyə (61-ci yerdə), Ukrayna (64-cü yerdə), Belarus (65-ci yerdə), Rusiya (67-ci yerdə), Qazaxıstan (74-cü yerdə) gəlir.
 
Autsayderlər üçlüyünə Mərkəzi Afrika Respublikası (28,38), Əfqanıstan (35,66) və Çad (35,69) daxil olub.
 
Qiymətləndirmələr BMT-nin və elmi institutların statistik məlumatlarına, sorğuların nəticələrinə və beynəlxalq hüquq müdafiə təşkilatlarının məlumatlarına əsaslanır.
 
Ekspert: “Büdcəni doldurmaq vəsaitləri səmərəli xərcləmək demək deyil”
 
Sosial tərəqqi indeksinin Azərbaycan bölümünü şərh edən iqtisadçı ekspert Azər Mehtiyevin qənaətincə, Azərbaycan hakimiyyəti imic və nüfuz üçün adambaşına düşən ÜDM göstəricisindən, sənayenin inkişafından və s. istifadə edir.
 
“Amma iqtisadi göstəriciləri sosial göstəricilərdən ayırmaq lazımdır. Büdcənin doldurulması vəsaitlərin ünvanlı və səmərəli xərclənməsi demək deyil. SPİ indeksində "ortadan aşağı" kateqoriyasında tutduğu yer və ölkədə insanların sosial müdafiəsi üzrə göstəricilər açıq-aşkar bu sistemin səmərəsiz işlədiyini göstərir”.
 
A.Mehdiyev deyir ki, orta əmək haqqı və pensiya məbləğlərinə görə Azərbaycanın göstəriciləri MDB-də ən pis göstəricilərdir.
 
“Bu sistemdə ən zəif halqa səhiyyədir. Kifayət qədər maliyyələşməmə, ayrılmış vəsaitin xərclənməsinin qeyri-şəffaflığı əlavə yığımlara və rüşvətlərə səbəb olub. Araşdırmalar göstərir ki, xəstələr tibbi xərclərinin 75%-ni öz ciblərindən ödəyirlər", - ekspert söyləyir. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru