Yoxsulluq meyarı dəyişsə...

Yoxsulluq meyarı dəyişsə...

“Exo” qəzetində “Azərbaycanda yoxsulluğu müəyyən edən meyarlara yenidən baxmaq istəmirlər” sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda bildirilir ki, hər ölkədə yoxsulluğun müəyyən edilməsinin öz meyarları var və bu meyarlar tətbiq edilərək yoxsul təbəqə müəyyənləşdirilir.
 
Yazıda xatırladılır ki, rəsmi olaraq Azərbaycanda əhalinin 5 faizi yoxsul hesab edilir. Ancaq bəzi ekspertlər bununla razılaşmırlar.
 
Ekspert Seyfəl Əliyev qəzetə bildirib ki, Azərbaycanda yoxsulluğun müəyyən edilməsi ilə bağlı meyarlara yenidən baxılması çoxdan zərurətə dönüb. Amma hökumət bu məsələdə tələsmir:
“Səbəb də budur ki, bu halda Azərbaycan yoxsulluğun həddinə görə beynəlxalq reytinqlərdə lider mövqelərinə çıxacaq. Bu isə dövlətin imicinə yaxşı təsir göstərməyəcək”.
 
S.Əliyev müstəqil tədqiqatlara istinadən hesab edir ki, ölkə əhalisinin ən azı 20 faizi yoxsulluq həddindən aşağı yaşayır.
 
Başqa bir ekspert Samir Əliyev də ölkə əhalisinin cəmi 5 faizinin yoxsul olması barədə rəsmi rəqəmi şübhə altına alır:
“Hətta yüksək inkişaf etmiş iqtisadiyyata malik, büdcə problemi olmayan Qərb ölkələrində bu göstərici bizdən yuxarıdır. Bu Azərbaycanda yoxsuluq həddini müəyyən edən meyarlardan irəli gəlir”.
 
Ekspert vurğulayır ki, ən ehtiyaclı əhali təbəqəsi regionlarda yaşayır. Amma onlar torpaq sahəsinə malik olduqlarından yoxsul sayılmırlar.
 
S.Əliyev hesab edir ki, bu yanaşma doğru deyil və torpaq sahəsinin olması şəxsin hələ təminatlı sayılmasına əsas vermir:
“Əgər, yoxsulluğu müəyyən edən indiki meyarlardan imtina edilsə, Azərbaycanda yoxsul sayılacaq əhalinin sayı bir neçə dəfə artar. Bir tərəfdən bu yaxşıdır və hətta bunu etmək zərurətdir, digər tərəfdən isə hökumət buna getməyəcək. Belə ki, bu zaman aztəminatlı insanlara dəstək verməkdən ötrü külli miqdarda pul vəsaitləri ayırmaq lazım olacaq. İndiki iqtisadi durumda isə bu problemdir”. /

Google+ WhatsApp ok.ru