Üzeyir Cəfərov: `Hər bir şəhid bizim əzizimizdir, amma 700 bal toplayan Azərbaycanın gələcəyidir`

Aprelin 2-dən bəri doğma Qarabağımızda başlayan müharibə Azərbaycan Ordusunun gücünü bir daha ortaya qoydu. Bu müddət ərzində çoxsaylı zəfərlərimiz, uğurlarımız olsa da, gənc balalarımızın şəhid olması xəbəri hər kəsdə qürur qarışıq kədər hisləri yaşatdı. Bütün xalq şəhidlərin hər birini öz övladı kimi qəbul edərək, onların dəfnində layiqincə iştirak etdilər. Lakin bu şəhidlərdən biri var idi ki, xüsusilə hər kəsin ürəyini ağrıtmışdı. Bu, Naftalan rayonundan hərbi xidmətə çağırılan "N" saylı hərbi hissənin əsgəri Müşfiq Arif oğlu Orucov idi. Tərtərdə gedən döyüşlərdə şəhid olan Müşfiq universitetə girərkən 700 bal toplamışdı və ailəsinin tək oğlu idi.
 
Bəs görəsən, belə istedadlı gənclərin ön cəbhədə vuruşması nə dərəcədə düzgündür? 
 
Məsələ ilə əlaqədar FaktXeber.com hərbi ekspert Üzeyir Cəfərovdan münasibət öyrənib. 
 
Bütün şəhidlərimizi rəhmətlə anan ekspert, onların hər birinin itkisinin Azərbaycan xalqının qəlbində dərin iz buraxdığını dedi: «Amma 700 bal toplayan, Azərbaycanın gələcəyi olan savadlı övladımızın, istedadlı balamızın itirilməsi 10 qat ağırdır. Başa düşürəm, müharibədir, nə qədər ki, torpaqlar işğal altındadır, itkilərimiz, yaralananlarımız olacaq. Ancaq biz çalışmalıyıq ki, belə istedadlı uşaqları qoruyaq, çünki hər bir xalq öz savadı, intellekti ilə tanınır».
 
Üzeyir bəy bu barədə dəfələrlə məsələ qaldırdıqlarını da dedi: «Amma təəssüflər olsun ki, bu tənzimlənmir. Əlbəttə, əslində komandirlər də bunu həll edə bilər, ancaq qanunvericilik olsa, daha yaxşıdır. Çünki qanun tamam başqa şeydir, qanunvericilik olmayanda, sui-istifadə halları da olur».
 
Bütün şəhidlərin hər kəs üçün çox doğma, əziz olduğunu vurğulayan Üzeyir bəy, belə bir istedadlı gəncin, prezident təqaüdü alan uşağın itirilməsinin təkcə doğmaları üçün deyil, bütün Azərbaycan üçün ağır olduğunu dedi: «Görün bu uşaq nə qədər məsuliyyətli, Vətənini, xalqını sevən bir insan idi. Prinsip etibarilə o, xahiş eləsəydi, yəqin onu eşidərdilər. O, arxa cəbhədə də xidmət edə bilərdi».
 
Ekspert sözügedən məsələyə mütləq şəkildə müvafiq qurumların diqqət yetirməli olduğunu bildirdi: «Bu gənclər Azərbaycanımızın sabahı üçün görən gözləri, eşidən qulağı, düşünən beyinləridir. Həm hərbi hissəsi komandirləri, həm müvafiq şəxslər belə uşaqların qorunmasına çalışmalıdır. 700 bal bilirsiniz nə deməkdir? Yəni bu uşaq böyük biliyə malik bir uşaq idi. Mətbuat da bu məsələni gündəmdə saxlamalıdır».
 
Mühasibimiz tək oğullar məsələsinə də diqqət çəkərək, bu problemi də dəfələrlə gündəmə gətirdiklərini dedi: «Amma təəssüflər olsun ki, bəzi bizi istəməyən adamlar buna fərqli yanaşma sərgilədilər, guya mənim tək oğlum var, ona görə bu məsələni qaldırmışıq. Ancaq şükürlər olsun ki, övladım hərbi xidmətdədir və öz vəzifəsini vicdanla, kişi kimi yerinə yetirir. Bu bəhanə də ortadan götürüldü. Əslində, hər kəs mənim övladımdır. Ona görə deyirəm ki, biz bu məsələlərdə son dərəcə ehtiyatlı olmalıyıq».
 
Üzeyir Cəfərov bu məsələlərin bəzən emosional şəkildə, bəzən də  narahat bir formada dilə gətirdiklərini, ancaq təəssüflər olsun ki, sonra bu haqda susulduğunu dedi: «Belə olmamalıdır.  Biz bunu sona çatdırmalıyıq ki, gələcəkdə ailələrə belə ağır zərbələr dəyməsin. Mən başa düşürəm ki, torpağı hamımız qorumalı, müdafiə etməliyik. Ancaq ailənin tək oğlunu və cəmiyyətin istedadlı gəncləri itirməsi Azərbaycana, onun gələcəyinə böyük bir zərbə olduğunu anlamalıyıq. Hər halda bu iki məsələ dövlət tərəfindən qanunvericiliyə salınmalı və tənzimlənməlidir».
 
Qeyd edək ki, şəhid Müşfiq Orucovun xidmətinin bitməsinə cəmi 2 ay qalmışdı. /
 

Google+ WhatsApp ok.ru