Ziyalılar AİP lideri Hacı Mövsüm Səmədovla bağlı prezidentə müraciət etdi

Maide.az-ın verdiyi məlumata görə,  Azərbaycan Ziyalılar Birliyi İslam Partiyasının həbsdə olan sədri Hacı Mövsüm Səmədovun azad edilməsi istəyi ilə prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:

“Hörmətli prezident! Sizin həm yerli, həm də xarici KİV-lərə verdiyiniz açıqlamalarda Azərbaycanın tolerant dövlət olması, ölkədə siyasi məhbus probleminin olmadığı, söz, fikir və vicdan azadlığının təmin edildiyi, heç kimin siyasi mənsubiyyət və düşüncə fərqliliyinə görə təqib edilmədiyi ilə bağlı səsləndirdiyiniz fikirlər hər birimizə yaxşı məlumdur. Sizin də qeyd etdiyiniz kimi, söz və vicdan azadlığının təmini demokratik cəmiyyət və idarəetmənin əsas prinsiplərindən biridir və bu mənada hər hansı bir şəxsin siyasi motivlər əsasında həbsi ilk növbətə dövlətimizin adına, onun beynəlxalq imicinə mənfi təsir edir. Bu baxımdan hesab edirik ki, sırf siyasi amillər səbəbilə həbs edilən İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun azad edilməsinə yardımçı olmanız verdiyiniz açıqlamaların əməli isbatı kimi təqdirəlayiq olardı.

Azərbaycanın milli-mənəvi dəyərlər sisteminə bağlı olan, islami dəyərlərin təbliği istiqamətində fəaliyyət göstərən Hacı Mövsüm Səmədovun həbsdən azad edilməsi sizin insan hüquq və azadlıqları ilə bağlı düşüncənizlə ölkənin hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti arasındakı uyğunsuzluğu aradan qaldırracaq, bu yöndə müsbət president formalaşdıracaqdır.

Hörmətli prezident!

Ümid edirik ki, Azərbaycan cəmiyyətinin böyük hörmət bəslədiyi Hacı Mövsüm Səmədovun azad edilməsi üçün göstərəcəyiniz səylər yalnız inanclı insanlarımızın deyil, bütün xalqın alqış və təqdirinə səbəb olacaq, beynəlxalq ictimaiyyətə ölkəmizin demokratiyaya doğru yol aldığını göstərəcəkdir. Şübhə etmirik ki, sizinlə bağlı bu gözləntilərimiz qısa zamanda özünü doğruldacaq və Hacı Mövsüm Səmədovu yenidən öz ailəsinə, öz xalqına, öz azadlığına qovuşdurmaqla bütövlükdə Azərbaycan xalqı qarşısında tarixi bir xidmətə imza atacaqsınız”.

 

Google+ WhatsApp ok.ru