Ərzaq məhsulları nə vaxta qədər potensial zəhərlənmə mənbəyi kimi qalacaq?- sorğu

Әrzaq mәhsullarının istehlakından zəhərlənmə halları ilə bağlı məlumatlar vaxtaşırı gündәmdә işıqlandırılır. Son dövrdә isә qısa zaman içində 3 müxtəlif məhsuldan zəhərlənmə halı müşahidə olunub. Bunların arasında istifadə müəddəti keçmiş məhsulların satışa çıxarılması faktı da qeyd edilir. Ümumiyyətlə istifadə müddəti bitmiş məhsulların marketlərdə satılması halı da kifayət qədər çox yayılıb. Bəzən bu mövzu KİV-lərdə ictimailəşdirsә də, bu cür halların qarşısının alınması istiqamətində konkret addımların atılıdığının şahidi olmuruq. Onsuz da əhalinin yediyi məhsulların keyfiyyəti yüksək deyil, üstәlik istifadəyə yararlı olmayan məhsulların satışı cәmiyyәti daha çox narahat edir.
 
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, əgər şəhərin mərkəzində bu cür neqativ hallara rast gəlinirsə, bölgələrdə vәziyyәt daha ağır olur: “Çox təəssüflər olsun ki, marketlərdən məhsul alan şəxslərin əksəriyyəti məhsulun son istifadə tarixinə baxmır. Dəfələrlə kiçik qabda dovğa almışam və mәhsul qıcqırmış olub. Amma son istifadə tarixinə hələ bir neçə gün də qalmışdı. Vaxtı keçmiş ərzaqlar insan orqanizmi üçün çox ciddi təhlükələr yaradır. Əsasən də bu cür hallar rayon yerlərində çox olur. Əgər şəhərin mərkəzində bu cür neqativ hallara rast gəlinirsə, görün bölgələrdə hansı hallar olur. Çox təəccüblüdür ki, bəzən süd məhsulu alırıq və buraxılma tarixindən 1 aya yaxın vaxt keçməsinə baxmayaraq tərkibində dəyişiklik olmur. Maraqlıdır ki, bu süd məhsulunun tərkibi nədən ibarətdir? Avropada marketlərdə xüsusi bir bölmə var ki, orada son istifadə tarixinə 1 aydan az vaxt qalmış məhsullar 50% endirimlə satılır. Bu Avropada insan faktorunun nə dərəcədə dəyərli olmasını göstərir. Ölkədə bu qədər məsuliyyətsizliyin olması sadəcə acınacaqlıdır. Səhiyyə Nazirliyinin, İcra Hakimiyyətinin tərkibində olan istehlakçıların hüquqlarını qoruyan şöbələr var ki, bu işlər birbaşa onların nəzarətində olmalıdır. Çox təəssüf edirəm ki, nə qazdan zəhərlənənlərә görә, nə qidadan zəhərlənənlərlə görә heç kəs məsuliyyətә cəlb edilmir. Bu gün ölkədə xəlvət fəaliyyət göstərən sexlər var, evlərdə hazırlanan məhsullar var. Qapı-qapı gəzib maşınlarda dükanlara ərzaq məhsulu verirlər. Onların tərkibinə kim cavabdehdir? Bütün bu halllar dövlət nəzarətinə götürülməlidir. İnsanlar bir tərəfdən cəbhədə həlak olsunlar, bir tərəfdən artan cinayət hallarında bir-birini öldürsünlər, bir tərəfdən də dövlətin düzgün olmayan siyasəti nəticəsində həlak olsunlar. Ciddi cəza tədbirləri tətbiq edilməlidir. Ən yüksək həddə cərimələr yazılmalıdır”.
 
Professor Adil Qeybulla Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, bir neçə gün ərzində baş verən zəhərlənmə hallarının bir-biriləri ilə heç bir əlaqəsi yoxdur: “Qısa zaman içində baş verən zəhərlənmələri kütləvi zəhərlənmə kimi qəbul etmək lazım deyil. Düşünürəm ki, bir neçə zəhərlənmə halının qısa zaman kəsiyinə düşməsi təsadüfi olan bir haldır. Bu faktlar individual şəkildə araşdırılmalıdır. Bəzən görürsən ki, bu cür hallar xəstənin dərmanının dozasını düzgün həddə verilməmə halından irəli gəlir. Bəzən dərmanın özündə olan problemdən baş verir. Yəni ayrı-ayrı araşdırılıb ümumi rəyə gəlinməlidir. Bu zəhərlənmələr dərmanların keyfiyyəti ilə bağlı olubsa mütləq bu barədə ölçü götürülməlidir. Çünki, bu dərmanları müxtəlif insanlar qəbul edir. Bu tək dərmanlarla bağlı olan məsələ deyil. Ümumiyyətlə zəhərlənməyə səbəb ola biləcək bütün qidlarla bağlı məsul olan qurumlar mütləq müəyyən tədbirlər görməlidirlər. Bu istiqamətdə olan səhlənkarlıqlar bir çox bədbəxt hadisələrə səbəb ola bilər”.
 

Google+ WhatsApp ok.ru