Dövlət sektoru `şişir`, özəl sektorsa...

Dövlət sektorunda muzdla çalışanların sayı özəl sektordakından çoxdur
 
İqtisadiyyatın dövlət sektorunda muzdla (əmək müqaviləsi ilə) işləyənlərin sayı çoxalıb.
 
Dövlət Statistika Komitəsinin (DSK) aprelin 1-dək olan dövrü əks etdirən məlumatından belə çıxır.
 
Ölkədə 1,5 milyon nəfərin muzdla çalışdığı bildirilir. Onların 890 min nəfəri dövlət sektorunda fəaliyyət göstərir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 min nəfər çoxdur.
 
Əslində isə hökumətin hədəfi iqtisadiyyatda dövlətin iştirakını azaltmaq idi.
 
Bunu keçən ilin sonunda prezident İlham Əliyev təkrar dilə gətirmiş və bəyan etmişdi ki, 2016-cı ildə ciddi struktur islahatları aparılacaq. Ancaq əvəzində səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri yaradıldı.
 
“Məşğulluq balansı tarazlı və dayanıqlı deyil”
 
İqtisadçı ekspert Qubad İbadoğlunun fikrincə, muzdla çalışanların 59,3 faizinin dövlət sektorunda fəaliyyət göstərməsi mülkiyyət mənsubiyyəti baxımından məşğulluq balansının tarazlı və dayanıqlı olmamasını göstərir:
 
“Buna baxmayaraq, iqtisadiyyatın dövlət sektorunda fəaliyyət göstərənlərin say artımı bu sahədə vəziyyətin daha da pisləşdiyinə işarədir və tarazlılığın dövlət bölməsinin xeyrinə pozulmasını ifadə edir”.
 
Ekspert deyir ki, problemin başlıca səbəbi dövlət bölməsində izafi işçi problemi və özəl sektorun zəif inkişafıdır:
 
“Son dövrlər dövlət idarəetməsində struktur islahatları və ixtisarların həyata keçirilməsi, əslində, iqtisadiyyatın dövlət sektorunda fəaliyyət göstərənlərin sayını azaltmalıydı. Baş verənlər onu göstərir ki, struktur islahatları əsas hədəflərə istiqamətlənməyib”. /

Google+ WhatsApp ok.ru