Artan işsizlik, azalan istehsal

Artan işsizlik, azalan istehsal

"Novoye Vremya" qəzetində "Əldə edilmiş nailiyyətlə dayanmağa dəyərmi?" sualına cavab axtarılır.
 
Müəllif yazır ki, bu günlərdə Dövlət Statistika Komitəsi Ümumi Daxili Məhsul (ÜDM) üzrə göstəriciləri açıqlayıb. Bəlli olub ki, ölkədə istehsal azalmaqdadır:
 
"Bu isə əsasən neftin ucuzlaşması və milli valyutanın ikiqat devalvasiyası ilə bağlıdır. Bu da sirr deyil ki, ÜDM-nin azalması həm də əhalinin məşğulluğu məsələsinə işıq salır. Bu dövrdə işsizlər ordusunun sayının artması istisna olunmur".
 
Müəllif hesab edir ki, azalma ən çox özünü tikinti sahəsində göstərir. Yazıda vurğulanır ki, elə bu sektorda da işini itirənlər çox olub.
 
Yazıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahədə optimist açıqlamasına da şübhə edilir. Nazir Səlim Müslümov bu günlər bildirib ki, işdən ötrü müraciət edənlərin sayı azalıb. Bu da əmək bazarında sabitləşmədən xəbər verir:
 
"İşlə bağlı vətəndaşların müraciətlərinin sayının azalmasının nə qədər yaxşı ənənə sayılması böyük sual doğurur. İstəyərdik ki, bu, qeyri-neft sektorunun inkişafı ilə bağlı olsun. Amma bəlkə onlar artıq dövlət xidmətinin kömək etməyəcəyinə inanmağa başlayıb?".
 
Müəllif yazır ki, bu xidmətə etimad çoxdan itib. Artıq vətəndaşlar öz güclərinə iş tapmaq yolunu tutub. Birjalarda adətən ixtisasa uyğun olmayan, az əməkhaqqılı işlər təklif edilir.
 
Yazıda bildirilir ki, son vaxtlar minlərlə insan bank sektorunda işini itirib. Tikinti sahəsində kütləvi ixtisarlar baş verib:
 
"Məhz işsizliyin səviyyəsinin artmasından irəli gələrək ölkədə qiymətlər bahalaşır, inflyasiya artır, ÜDM azalır. İş adamları isə öz bizneslərini dayandırmağa məcbur olurlar". /

Google+ WhatsApp ok.ru