Artan xarici borc və kreditlər

Artan xarici borc və kreditlər

“Novoye Vremya” qəzetində isə diqqəti “Pis meyl” sərlövhəli məqalə cəlb edir
 
Müəllif yazır ki, Azərbaycanda neftin qiymətinin kəskin enməsilə başlayan böhran , indi də gündəliyə xarici kredit cəlb etmək məsələsini gətirib.
 
"Artıq aydındır ki, xarici kreditlər olmadan ölkə iqtisadiyyatının normal fəaliyyəti çətindir. Ən azı iri layihələri xarici kreditlər olmadan icra edilə bilməyəcək":
“İrimiqyaslı layihələrin reallaşmasında investisiya və kreditlər beynəlxalq təcrübədir. Amma məsələ budur ki, Azərbaycanın xarici borcu da artır. 2017-ci il iyulun 1-nə Azərbaycanın ümumi dövlət borcu 7172,6 milyard dollar (12208,5 milyard manat) təşkil edib. Bu da Ümumi Daxili Məhsulun (ÜDM) təqribən 19 faizi deməkdir”.
 
Yazıda xatırladılır ki, son 3 ayda dövlət borcu 259 milyon dollar artıb. 7 milyard dollar dövlət borcu kritik səviyyə deyil, amma indiki şəraitdə Azərbaycandan ötrü az da sayılmaz. “Cənub Qaz Dəhlizi”nin tikintisi ilə bağlı beynəlxalq təşkilatlarından irihəcmli kreditlərin cəlb olunması davam edəcək. Nəticədə dövlətin xarici borcu da artacaq. Amma bu layihələrdən tezliklə gəlir gözləmək düzgün deyil.
 
Yazıda bildirilir ki, neft bazarı da olduqca qeyri-sabitdir. Neft ixracından bundan sonra da əhəmiyyəti dərəcədə gəlir daxil olacağına zəmanət yoxdur. Belə bir durumda xarici borcun artması kiçik məsələ deyil:
“Əgər bu borcların ödənilməsində neft amili işləməsə, o zaman daxili ehtiyatlar işə düşəcək. Qənaət naminə bəzi layihələr təxirə salınıb. Amma məmurların qənaət məsələsinə nə dərəcədə əməl edəcəkləri də başqa bir məsələdir…”.
 
Müəllif hesab edir ki, indinin özündə korrupsiya, kölgə iqtisadiyyatı və inhisar ölkənin maliyyə təhlükəsizliyinə zərbə vurur. inflyasiyanın və iqtisadi artımın gözlənilməsi durumu daha da ağırlaşdırır. Kreditlər isə vaxtında qaytarılmalıdır. Əks halda beynəlxalq maliyyə institutlarının ölkəyə etimadı azalacaq. Üstəlik, bu borcları gələcək nəsillər ödəməlidir... /

Google+ WhatsApp ok.ru