Bakıda avtomobilləri təkcə DYP əməkdaşları aparmır…

Vaqif Əsədov: «Evakuasiyanı DİN-in Dövlət Yol Polisi İdarəsinin Siqnal İdarəsinə məxsus avtomobillər həyata keçirir»

"Bizim Yol"un redaksiyasının elektron poçtuna adını açıqlamaq istəməyən Dövlət Yol Polis İdarəsinin (DYPİ) əməkdaşından məktub daxil olub. Məktubda deyilir ki, artıq iki aydan çoxdur ki, Bakıda evakuatorlar tərəfindən cərimə meydançalarına aparılan avtomobillərə sürücülər tərəfindən ödənən cərimələr dövlət hesabına yox, şəxsi hesablara gedir. 
 
Mənbənin yazdığına görə, paytaxtın küçə və prospektlərində qadağan edilmiş yerdə dayanan avtomobilləri, ancaq Yol Patrul Xidmətinin əməkdaşının göstərişi əsasında DYP-nin Siqnal İdarəsinə məxsus AP (Azərbaycan Polisi) serial nömrə nişanlı evakuatorlar tərəfindən cərimə meydançalarına aparıla bilər. Belə olan halda cərimə meydançasına aparılan avtomobilin sürücüsü cərimə edilir və sürücü cəriməni bank vasitəsi ilə dövlətə ödədikdən sonra avtomobilini cərimə meydançasından götürə bilir. 
 
Mənbənin dediyinə görə, iki aydır vəziyyət dəyişib, DYP-nin Siqnal İdarəsinə məxsus evakuatorlar cərimə meydançalarında saxlanılır.   Əvəzində isə dayanması qadağan edilmiş yerlərdən avtomobillər "Evakuasiya.Az" MMC-yə məxsus "İsuzi" markalı evakuatorlar (üzərinə 156 yazılan) tərəfindən cərimə meydançalarına aparılır və sürücülər cəriməni qeyd olunan MMC-nin hesabına ("Bank Texnika"dakı)  köçürdükdən sonra avtomobillərini cərimə meydançasından götürə bilirlər. Mənbə iddia edir ki, beləliklə də, dövlət büdcəsinə köçürülməli olan cərimələr bu yolla kimlərinsə ciblərinə gedir.
Mənbə onu da əlavə edir ki, qanuna görə, adıçəkilən MMC-yə məxsus evakuatorlar yol kənarında dayanmış avtomobilləri cərimə meydançasına apara bilməzlər. "Amma "Evakuasiya.Az" MMC-yə məxsus evakuatorların üzərinə DYP işarəsi vururlar və həmin evakuatorların Siqnal İdarəsinə məxsus olduğunu bildirirlər. Evakuatorların sürücülərinin yanında isə Çevik Polis Alayının bir polisini əyləşdirirlər və beləliklə də, öz işlərini görürlər. Bunların hamısı qanunsuzdur", - deyə mənbə bildirir.
 
Mənbənin dediyinə görə, "Evakuasiya.Az" MMC-yə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin  rəisi, polis general-mayoru Ramiz Zeynalovun Aqil adlı  yaxın qohumu rəhbərlik edir və həmin şəxs özünü hər yerdə Siqnal İdarəsinin əməkdaşı kimi təqdim edir.
 
Mənbə onu da əlavə etdi ki, Bakıdakı cərimə meydançalarına (Nizami, Xətai və Nəsimi rayonunda yerləşən cərimə meydançalarına) avtomobillər gətirmək üçün 10 evakuator işləyir. "On evakuator hər gün cərimə meydançalarına təxminən 20 avtomobil gətirir. Cərimə meydançasına gətirilən hər avtomobilin sürücüsü isə avtomobilini oradan çıxartmaq üçün 20 manat cərimə ödəyir. Cərimələr isə dövlət büdcəsinə yox,  "Evakuasiya.Az"-ın hesabına ödənilir", - deyə mənbə qeyd etdi. Beləliklə, hər gün dövlət büdcəsinə ödəniləcək 4 min manat cərimə, dövlət büdcəsinə yox,  şəxsi ciblərə gedir. Ehtimal edilir ki, bu əməliyyatdan DYP rəhbərliyi xəbərdardır. 
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bizimyol.info-ya bildirib ki, Bakı şəhərində avtomobillərin cərimə meydançasına aparılması işini Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Siqnal İdarəsinə məxsus avtomobilləri həyata keçirir: "Evakuasiya xidməti bilmirəm harda necədir. Ancaq Daxili İşlər Nazirliyinin Siqnal İdarəsinə məxsus yol polisində xidmət aparan evakuasiya xidməti var. Siz 156 xidməti ilə bunu səhv salmayın. Dövlət yol polisinin fəaliyyətini tənzimləmək üçün evakuatorlardan istifadə edilir. 156 özəl şirkətdir, öz işi ilə məşğuldur, insanlara yardım göstərirlər, öz işləridir. Hətta evakusiya da edirlər. Avtomobil xarab olub qalır yolun ortasında, nə bilim qəza olur onlara müraciət edirlər. Amma dayanma, durma qaydalarının pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin siqnal idarəsinə məxsus və şəhər "qaisində" xidmət aparan bizim, səhv etmirəmsə, 10-dan artıq evakuator avtomobilimiz var". 
 
Dövlət Yol Polisi İdarəsi ilə 156 evakuasiya.az xidmətinin əlaqəsi varmı sualına Vaqif Əsədov belə cavab verdi: "Mən deməzdim əlaqə yoxdur. Məsələn, 156 telefon xidmətidir, 9090-dır, *6060-dır. Bəzən olur ki, vətəndaşlar bizə müraciət edirlər. Bu kimi xidmtlərdən istifadə etmək üçün. O zaman biz onlara bu xidmətlərdən istifadə etməyi məsləhət bilirik. Ancaq özəl şirkət kimi avtomobilləri cərimə meydançasına onlar aparmırlar. Bizim onlarla işimiz yoxdur. Cərimə meydançasına ancaq bizim özümüzün evakuatorlarımız daşıya bilər. Onların köməyi ilə fəaliyyətimizi qururuq". 

Google+ WhatsApp ok.ru