Hacı İlham Əliyevin məhkəməsi keçirilib

Hacı İlham Əliyevin məhkəməsi keçirilib

Çərşənbə axşamı Bakı Şəhəri Səbail Rayon Məhkəməsində  Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı Hacı İlham Əliyevin  işi üzrə  məhkəməsi keçirilib.
 
Maide.Az xəbər verir ki, bunu vəkil Cavad Cavadov bildirib. 
 
C.Cavadovun sözlərinə görə, müdafiə tərəfi prosesə sədrlik edən hakim Rəna Qafarovaya vəsatətlərini təqdim edib.
 
“Hacı İlham Əliyev barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı və yaxud  girovla əvəz edilməsi barədə məhkəməyə vəsatət vermişdik.  Bu gün Səbail Rayon Məhkəməsində bu işə baxıldı. Hacı İlham Əliyev özü də işitrak etdi, bir daha bildirdi ki, verilən ittihamların heç birini qəbul etmir, bu ittihamlar əsassızdır.  Mən də vəkil olaraq əsaslandırdım ki, bu gün ev dustaqlığı və ya girov şəraitində istintaqın aparılması üçün heç bir maneçilik yoxdur.  Məhkəmə bizim vəsatətimizi təmin etmədi. Bundan apelyasiya şikayəti veriləcək”. –deyə C.Cavadov bildirib. 
 
Qeyd edək ki, Hacı İlham Əliyev bu ilin fevral ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü  maddəsi ilə ittiham irəli sürülüb.  
 
Hacı İlham Əliyev  barəsində bundan öncə iki dəfə 4 ay müddətinə həbs qərarı çıxarılıb.
 

Google+ WhatsApp ok.ru