Şikayətçini həbsxananın qarşısından “oğurladılar”

Prezidentə dərdini yazdığına görə təqiblərlə üzləşdi…

Paytaxtın Zahid Xəlilov küçəsində 69 saylı evin 15-ci mənzilində yaşayan Sevda Süleymanova deyir ki, ailəsinin başına açılan oyunlarla əlaqədar müvafiq dövlət strukturlarına şikayət etdiyinə görə təqiblərə məruz qalır. Şikayətçinin sözlərinə görə, dünən günorta saat 14.00 radələrində 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan həyat yoldaşı ilə görüşdən çıxan kimi elə oradan məcburi şəkildə maşına əyləşdirib, Bakı şəhər Baş Polis Idarəsinə aparıblar. Orada Prezident Administrasiyasına polislər barədə ünvanladığı şikayətlərə görə izahat yazmaq tələb olunub. Lakin Sevda Süleymanova izahat yazmaqdan imtina edib.
 
Sevda Süleymanova onu da qeyd edib ki, onun məcburi şəkildə Bakı şəhər Baş Polis Idarəsinə aparılması ilk dəfə deyil. Prezident Administrasiyasına ünvanladığı şikayət ərizəsi araşdırılması üçün Daxili Işlər Nazirliyinə göndəriləndən sonra bu qurumda onu polis polkovnik-leytenantı Vüqar Babayev qəbul edib. Şikayətçinin sözlərinə görə, Babayev ona probleminin həll olunacağına söz verib. Oradan da məcburən Bakı şəhər Baş Polis Idarəsinə aparılıb.
 
Sevda Süleymanova bütün bunlar barədə dövlət başçısı Ilham Əliyevə ünvanladığı müraciətində də ətraflı yazıb. O, müraciətin surətini “Azadlıq”a da təqdim edib. Şikayətçi məktubunda yazır:
 
“Noyabrın 5-də Prezident Administrasiyasında 12-ci dəfə qəbulda oldum. Salahiyyətli şəxs Əli müəllim məni Daxili Işlər naziri Ramil Usubovun qəbuluna yazdı. 13 noyabrda məni Vilayət müəllim qəbul etdi, nazirə məruzə hazırladığını dedi və suallarını verdi, onları cavablandırdım. Sonda bildirdi ki, cənab nazir göstəriş verib, məni Bakı şəhər Baş Polis Idarəsinin rəisi Mirqafar Seyidov qəbul edəcək. Mən etiraz etdim, çünki dəfələrlə bu idarədə, eyni zamanda, Yasamal Rayon Polis Idarəsində, 29-cu polis bölməsində olmuşdum. Amma onların heç birindən köməklik görməmişdim. Əksinə, bütün hüquqlarım onlar tərəfindən tapdanmışdı. Bunu Vilayət müəllimə də dedim. Nazirlikdən çıxanda bir neçə nəfər  telefonumu və şəxsiyyət vəsiqəmi alaraq, məni zorla Bakı şəhər Baş Polis Idarəsinə apardı. Orada Mirqafar Seyidov təxminən 2 saat məni dinlədi. Oradan çıxandan sonra bu haqda Daxili Işlər Nazirliyinin ”102″ Qaynar Xəttinə və digər qurumlara müraciət etdim.
 
Noyabrın 21-də Cavid Talıbov adlı şəxs mənzilimizin qarşısına gələrək, mənə zəng elədi və Bakı şəhər Baş Polis Idarəsindən göndərildiyini dedi. Məni məcbur edirdi ki, yenidən onlarla idarəyə gedib orada izahat yazmalıyam. Mən getməkdən imtina etdim, bildirdim ki, orada artıq izahat vermişəm. Cavid Talıbov və onunla gələn mülki geyimli polislər bir neçə gün 99 AP 849 dövlət nömrəli maşınla yaşadığım binanın qarşısında məni güddülər, məndən əl çəkmədilər. Evdən çıxa bilmirdik. Nəhayət, qohumlarıma və mediaya xəbər verdim. Mətbuat nümayəndələri onlarla əlaqə saxladıqdan sonra evimin önündən uzaqlaşdılar. Onlara bu haqqı kim verib? Niyə mənim hüquqlarımı, ailəmin hüquqlarını belə pozurlar? Cinayətkarlar qalıb bir kənarda, mənim başıma bu oyunu açırlar”.
 
Həyat yoldaşının da şərlənərək həbs olunduğunu deyən Sevda Süleymanova dövlət başçısından özünə və ailəsinə qarşı təzyiqlərin son qoyulması, pozulmuş hüquqlarının bərpası üçün yardım istəyir.
 
Məsələ ilə əlaqədar Daxili Işlər Nazirliyinin mətbuat xidmətilə də əlaqə saxladıq. Oradan bildirildi ki, Sevda Süleymanovanın şikayətilə bağlı araşdırma aparıb bu barədə məlumat veriləcək.

Google+ WhatsApp ok.ru