`Oğlumun cibinə polis narkotik atıb`

Beş uşaq anası dövlət başçısına müraciət edib kömək istədi

Paytaxt sakini, təqaüdçü və beş uşaq anası Aidə Şahverdiyeva redaksiyamıza şikayət məktubu göndərib. O bildirir ki, oğlu Vahid Rüstəmovun üstünə polis külli miqdarda narkotik ittihamı atıb və o həbs edilib: “Mənim sizə şikayətim Yasamal polisinin özbaşınalıqlarından, prokurorun qanunsuzluğundan və məhkəmə hakiminin ədalətsizliyindəndir. Oğlumun cibinə polis narkotik atıb. Oğlum Vahid Rüstəmov 2014-cü il fevralın 5-də həbs edilib. Onun həbsindən sonra istintaq təcridxanasında görüşdüm və o, başına açılan qanunsuzluqları mənə bildirdi.

Belə ki, o, dostu Əli Abbazadə ilə bərabər növbəti dəfə Azərbaycan prospektində yerləşən aptekdən ”travamal" deyilən həbb almaq üçün gedərkən tutulub. 26-cı polis bölməsinin sahə müvəkkili Nazim Dünyamalıyev ona bildirib ki, Yasamal rayonunda oğurluq hadisəsi baş verib və ona görə bölməyə getmək lazımdır. Oğlum da etiraz etməyib, dostu ilə əvvəlcə sahə məntəqəsinə, oradan da Yasamal Rayon Polis İdarəsinə gedib. Burada oğlumu narkotik qəbul etməkdə təqsirləndirərək bildiriblər ki, üzərindən külli miqdarda narkotik, yəni tiryək çıxıb. Oğlum işgəncələrə baxmayaraq heç bir protokola qol çəkməyib və ifadəsində bildirib ki, o, polis idarəsinə Nazim Dünyamalıyev və adı sonradan məlum olan polis serjantı Emin Məlikov tərəfindən gətirilib".

Şikayətçi bildirir ki, mayın 1-dən start götürən məhkəmə hələ də davam edir: “Hakim Sərdar Mehrəliyev və dövlət ittihamçısı Rizvan Soltanov sanki bir teatr arenasında oturublar. Müstəntiq bir ssenari yazıb, hakimlə dövlət ittihamçısı bu ssenarini səhnələşdirirlər. Məhkəmədə dindirilən şahidlər isə istintaqda verdikləri ifadələrdən fərqli fikir bildirirlər. Oğlumla birgə tutulan Əli Babazadənin də işinə həmin məhkəmədə baxılır. Oğlumun vəkili vəsatət qaldırıb ki, Əli məhkəməyə şahid kimi gətirilsin, amma hakim həmin vəsatəti rədd edib. Əli də oğlumun onun məhkəməsində şahid kimi iştirakını istəyir”.

Aidə Şahverdiyevanın sözlərinə görə, baş verənlərlə bağlı dövlət başçısına, Respublika Prokurorluğuna və daha bir neçə quruma müraciət etsə də, nəticəsi olmayıb. Əlində sübutlar olduğunu bildirən xanım növbəti dəfə ölkə başçısına müraciət edərək həqiqətin ortaya çıxması üçün kömək istəyir. Məhkəmə iyulun 10-da onun oğluna hökm oxuyacaq.

Daxili İşlər Nazirliyindən isə şikayətçinin ittihamlarına cavab verilib: “Belə başa düşdüm ki, adam həbs olunub, cinayət işinin istintaqı yekunlaşıb, indi də hökm oxunacaq. Vahid Rüstəmov narkotiklə tutulub, heç bir ana deməz ki, mənim oğlum narkomandır. Amma hüquq-mühafizə orqanları istintaq aparıb, bunlar hamısı yalandır? Ana getsin məhkəməyə, vəkilləri gedib şikayətini, etirazını orada bildirsin. O, Daxili İşlər Nazirliyinə rəsmi şəkildə müraciət etsə, məsələ araşdırıla bilər"./Yeni Müsavat

Google+ WhatsApp ok.ru