Pulu 100 qram ərzağa çatanlar....

Pulu 100 qram ərzağa çatanlar....

«Bizim Yol» qəzetində «Bazarda 100 qramla məhsul alan var» sərlövhəli məqalə oxumaq olar. Məqalədə qeyd edilir ki, kənd təsərrüfatı malları bahalaşıb, çeşidləri azalıb. Alıcı da, satıcı da şikayətlənir.
 
Müəllif yazır ki, ölkədə baş verən ikinci devalvasiyadan sonra manatın məzənnəsinin düşməsi qiymətlərin yüksəlməsinə rəvac verdi. Bu qiymət artımı özünü kənd təsərrüfatı və ərzaq məhsullarında da göstərir:
«Dövlət orqanları qiymətlərin süni artırıldığını və buna qarşı mübarizə aparıldığını desə də, sakinlər bahalıqdan şikayətçidir. Ərzaq, meyvə-tərəvəz kimi gündəlik tələbat mallarının qiymətinin belə surətlə artması əhali arasında narazılığa səbəb olub. Satıcılar qiymət artımının olmasını müxtəlif səbəblərlə bağlayırlar. Onlar bildirirlər ki, məhsulların çoxu xaricdən ixrac olunur».
Müəllif bazarlara da baş çəkib. Onun gəldiyi nəticəyə görə, bahalaşma, əsasən, çərəzlərdə müşahidə edilir: «İrandan gətirilən kişmiş, qoz, fındıq, badam, püstənin qiymətləri 15-27 manat arasında dövr edir. Azərbaycan Mərkəzi Bankının yanvar-iyun üzrə pul siyasəti icmalında bildirilir ki, ölkədə pərakəndə ticarət şəbəkəsində istehlakçıların əsas xərclərinin 49.5 faizi ərzaq malları, içkilər və tütün məmulatlarının alışına gedir. Hər bir istehlakçı orta hesabla hər ay pərakəndə ticarət şəbəkəsində 117.8 manat məbləğində ərzaq, içki alıb».
 
Qəzetə danışan satıcılar bildiriblər ki, qiymət artımı bundan sonra da davam edəcək. Alıcılar isə məhsulların bahalığı ilə yanaşı, çeşidlərin olmamasından, maaş və təqaüdlərin artırılmamasından şikayətləniblər.
 
Müəllifin yazmasına görə, bazarda elə yoxsul vətəndaşlar da olub ki, onlar ancaq ərzağı 100-200 qram alıblar.

Google+ WhatsApp ok.ru