Qurani-Kərimdə təqvalıların üstün xüsusiyyətləri

Qurani-Kərimdə təqvalıların üstün xüsusiyyətləri

Qurani-Kərimdə təqvalıların bəzi fəzilət və üstün xüsusiyyətləri sadalanır ki, biz burada bu mövzuya toxunan bəzi ayələrə işarə edirik:

1. Quranın hidayətindən bəhrələnmək:

ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ

“Bu, (Allah tərəfindən nazil edilməsinə) heç bir şəkk-şübhə olmayan, təqvalıları hidayət edən (onlara doğru yol göstərən) kitabdır.” (“Bəqərə”, 2.)

2. Allah-Taalanın xas lürf və mərhəmətinə şamil olmaq:

وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ مَعَ الْمُتَّقِينَ

“Allahdan qorxun (təqvalı olun) və bilin ki, Allah təqvalılarladır.” (“Bəqərə”, 194.)

3. Məscidul-Harama rəhbərlik haqqı:

وَمَا لَهُمْ أَلاَّ يُعَذِّبَهُمُ اللّهُ وَهُمْ يَصُدُّونَ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَمَا كَانُواْ أَوْلِيَاءهُ إِنْ أَوْلِيَآؤُهُ إِلاَّ الْمُتَّقُونَ

“Lakin onlar (müşriklər) Məscidul-Haramın sahibləri olmadıqları halda, (möminlərə onu təvaf etməyə) mane olduqda Allah nə üçün onlara əzab verməsin! Onun sahibləri yalnız təqvalılardır!” (“Ənfal”, 34.)

4. Allahın sevimlisi olmaq:

بَلَى مَنْ أَوْفَى بِعَهْدِهِ وَاتَّقَى فَإِنَّ اللّهَ يُحِبُّ الْمُتَّقِينَ

“Xeyr (elə deyildir). Hər kəs öz əhdinə vəfa etsə və təqvalı olsa (ilahi əmrlərə itaət edib pis əməllərdən çəkinsə), şübhəsiz ki, Allah (belə) təqvalıları sevir.” (“Ali-İmran”, 76.)

5. Əməllərin qəbul olunması:

إِنَّمَا يَتَقَبَّلُ اللّهُ مِنَ الْمُتَّقِينَ

“Həqiqətən, Allah yalnız təqvalılardan (yaxşı əməlləri) qəbul edir!” (“Maidə”, 27.)

6. Xeyirli aqibət:

إِنَّ الأَرْضَ لِلّهِ يُورِثُهَا مَن يَشَاء مِنْ عِبَادِهِ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ

“Həqiqətən, yer üzü Allahındır. Öz bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) təqvalılarındır!” (“Əraf”, 128.)

7. Cənnətin onlar üçün hazır vəziyyətdə olması:

وَسَارِعُواْ إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ

“Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, təqvalılar üçün hazırlanmış Cənnətə tələsin.” (“Ali-İmran”, 133.)

8. Cənnətin təqvalılara doğru yaxınlaşması:

وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ غَيْرَ بَعِيدٍ

“Cənnət təqvalılar üçün yaxın bir yerə gətiriləcəkdir.” (“Qaf”, 31.)

9. Səadət və qurtuluşa çatmaq:

إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا

“Həqiqətən, təqvalılar üçün səadət və qurtuluş yeri var.” (“Nəbə”, 31.)

10. Əmin-əman bir məqama sahib olmaq:

إِنَّ الْمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٍ

“Həqiqətən, təqvalılar əmin-aman (qorxusuz-xətərsiz) bir yerdə olacaqlar.” (“Duxan”, 51.)

11. Təqvalıların nurani olması:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَآمِنُوا بِرَسُولِهِ يُؤْتِكُمْ كِفْلَيْنِ مِن رَّحْمَتِهِ وَيَجْعَل لَّكُمْ نُورًا

“Ey iman gətirənlər! Allahdan qorxun (təqvalı olun) və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, nur bəxş etsin.” (“Hədid”, 28.)

12. Rəhman Allahın hüzurunda möhtərəm elçilər kimi cəm olmaq:

يَوْمَ نَحْشُرُ الْمُتَّقِينَ إِلَى الرَّحْمَنِ وَفْدًا

“O gün (Qiyamət günü) Biz təqvalıları Rəhman Allahın hüzuruna möhtərəm elçilər kimi cəm edərik.” (“Hədid”, 28.)

13. Behiştin müxtəlif növ nemətlərindən bəhrələnmək:

هَذَا ذِكْرٌ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَآبٍ. جَنَّاتِ عَدْنٍ مُّفَتَّحَةً لَّهُمُ الْأَبْوَابُ. مُتَّكِئِينَ فِيهَا يَدْعُونَ فِيهَا بِفَاكِهَةٍ كَثِيرَةٍ وَشَرَابٍ. وَعِندَهُمْ قَاصِرَاتُ الطَّرْفِ أَتْرَابٌ. هَذَا مَا تُوعَدُونَ لِيَوْمِ الْحِسَابِ. إِنَّ هَذَا لَرِزْقُنَا مَا لَهُ مِن نَّفَادٍ

“Bu (peyğəmbərlərin bu əhvalatı) yada salmaqdır (yaxud bu Quran bir öyüd-nəsihətdir). Həqiqətən, təqvalıları gözəl bir qayıdış yeri (Cənnət) gözləyir! Qapıları onlar üçün açılmış Ədn cənnətləri! Onlar orada (taxtlara) söykənib cürbəcür meyvələr və içkilər (Cənnət içkiləri) istəyəcəklər. Onların yanında gözlərini (yalnız ərlərinə) dikmiş və (yaş, gözəllik, nur və kamal baxımından) bir-birinə bənzəyən zövcələr olacaqdır. Bu, Hesab günü üçün sizə vəd edilən (nemət)lərdir. Bu, əlbəttə, Bizim ruzimizdir. O bitməz-tükənməzdir.” (“Sad”, 49-54.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru