Sədərək gömrüyündən Naxçıvan sakinlərinə məhdudiyyət

Sədərək gömrüyündən Naxçıvan sakinlərinə məhdudiyyət

Martın 3-dən Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsində Türkiyəyə gedən Naxçıvan sakinlərinin hərəkətinə məhdudiyyətlər tətbiq edilib.
 
Belə ki, bu qadağaya qədər sakinlər həftədə bir dəfə alış-veriş üçün Türkiyəyə gedə bilirdi. Martın 3-dən yalnız ayda bir dəfə getməyə icazə verilir: “Bu addım insanları çörək qazanmaqdan məhrum etmək deməkdir, belə ki, hər həftə Türkiyəyə gedərək apardığı 100-150 litr salyarkanı satan Naxçıvan sakinləri onun puluna nəsə alıb qayıda bilirdilər. İndi bundan da məhrum oldular”, -sakinlərdən biri bildirib.
 
Bu qərara etiraz olaraq sürücülər yolları bağlayaraq bir saata yaxın bağlı saxlayıblar, sonradan təzyiq vasitəsilə yolu açıblar. 
 
Mənbə deyib ki, problem bununla bitmir, geyim, mebel gətirilməsinə də qadağa qoyulub: “Əvvəl belə idi ki, ikinci əl paltarlar gətirməyə icazə vermirdilər, yeni paltar gətirəndə isə rüsum alırdılar, indi, ümumiyyətlə, qadağan edirlər”.
 
Mebel gətirilməsinə də qadağa qoyulub və sakinlərdən Naxçıvanda istehsal edilən mebel alınmasını tələb edirlər.
 
Mənbənin dediklərinə görə, bütün bunlarda məqsəd Naxçıvanın səlahiyyət  sahiblərinin sadə vətəndaşların cüzi olan qazanc yollarını bağlamaq, bu cüzi qazancı da öz əllərinə keçirmək cəhdidir. 

Google+ WhatsApp ok.ru