Sahibkarlar bizneslərini ölkədən kənara daşıyır

2015-ci ilin yanvar-mart aylarında Türkiyəyə birbaşa Azərbaycan investisiyalarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artaraq 277 milyon dollar təşkil edib. Müqayisə üçün: 2014-cü ilin yanvar-mart aylarında bu göstərici 88 milyon dollar təşkil edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Mərkəzi Bankının cari ilin birinci rübünün yekunu üzrə hesabatında deyilir.
Hesabata əsasən, cari ilin yanvar ayında Azərbaycan Türkiyə iqtisadiyyatına 73 milyon dollar, fevralda 30 milyon, mart ayında isə 174 milyon dollar sərmayə yatırıb.
2015-ci ilin 1-ci rübündə Azərbaycan Asiya ölkələri arasında Türkiyə investisiya qoyuluşları üzrə 9,89 faiz xüsusi çəki ilə ikinci yeri tutub.
Ümumiyyətlə, Azərbaycan Türkiyə iqtisadiyyatına investisiya qoyan ölkələr arasında dördüncü yeri tutur.
Bir neçə gün əvvəl “Azərtac”ın yaydığı məlumatda deyilirdi ki, cari ilin birinci rübündə xaricdən Gürcüstan iqtisadiyyatına 444 milyon ABŞ dolları həcmində investisiya qoyulub. Xarici investorlar sırasında Azərbaycan birinci yerdədir. Məlumata görə, bu dövrdə Gürcüstan iqtisadiyyatına yönəldilən investisiyaların 34 faizi Azərbaycana məxsusdur.
Bundan əvvəl isə Türkiyənin Palatalar və Bircalar Birliyinin yaydığı məlumatda bildirilirdi ki, yanvar-aprel aylarında qardaş ölkədə Azərbaycan kapitallı 60 şirkət, o cümlədən 16 səhmdar cəmiyyət yaradılıb. Səhmdar cəmiyyətlərin kapitalında Azərbaycan investorlarının iştirakı 76,5 faizdir (4 milyon 391,5 min lirə). Azərbaycan sahibkarları məhdud məsuliyyətli şirkətlərin kapitalına isə 3 milyon 392 min lirə qoyub. Investorlarımız əsasən ticarət, ictimai iaşə, turizm, nəqliyyat və s. sahələrə sərmayə yatırır.
Ekspertlər hesab edir ki, son vaxtlar Türkiyə, Gürcüstan və digər xarici ölkələrə Azərbaycandan pul axını ölkədə normal biznes mühitinin olmaması ilə bağlıdır. Onların fikrincə, bu proses davam edəcək. “Oliqarx ovu” bu prosesi şərtləndirən amillərindən biridir. Digər sahibkarlar “kredit qalmaqlı”nda adı keçən oliqarxların aqibətindən ibrət götürərək bizneslərini ölkədən kənara daşımağı məqsəduyğun hesab edirlər. Bundan əlavə həmin oliqarxlar özləri nəzarətdə olsa da, yaxınları vasitəsilə əllərində olan pulu ölkədən çıxara bilərlər",- deyə ekspertlər bildirir.

Google+ WhatsApp ok.ru