Üç vəzifəli şəxs işdən çıxarılıb, səkkizi isə töhmət alıb- MN

Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2014-cü ildə aparılmış maliyyə nəzarəti tədbirlərinin nəticələri barədə məlumat yayıb. 
 
Maide.az Nazirliyin saytına istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda 2014-cü ildə aparılmış nəzarət tədbirləri ilə 14 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər (kəndlər və qəsəbələr) üzrə ərazi nümayəndəliklərinə, mənzil kommunal təsərrüfatı qurumlarına, həmçinin, 14 təhsil, 7 tibb, 1 mədəniyyət, 2 meliorasiya müəssisəsinə və 2 diplomatik nümayəndəliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, habelə Maliyyə Nazirliyinin 5 yerli maliyyə orqanının yerli gəlir və xərclərin tərtibi və icrası üzrə işləri yoxlanılıb.
 
Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına və aidiyyəti nazirliklərə məktublar göndərilib.
 
Yoxlamaların gedişində də nöqsanların aradan qaldırılması istiqamətində xeyli işlər görülmüş, yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin əsas hissəsinin (4910,3 min manat) yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilmiş, mövcud qanunvericiliyin tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 52 sinif komplekti və məktəbdənkənar müəssisələrdə təşkil olunmuş 140 dərnək və qrup, normadan artıq saxlanılmış 702,5 ştat vahidi ləğv edilib, həmçinin normativ sənədlərin tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsi dayandırılmış, evdə təhsilə cəlb edilmiş şagirdlərin yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 73 nəfər azaldılmış, 107,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş bir təşkilat üzrə yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə  Baş Prokurorluğa göndərilib.
 
Habelə, nəzarət tədbirləri nəticəsində büdcə təşkilatlarında maliyyə qaydala¬rının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində  İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsinə əsasəninzibati tənbeh tədbiri qismində cərimələr tətbiq edilmiş, ümumilikdə 914 nəfər vəzifəli şəxs 516,6 min manat məbləğində cərimə edilmiş və həmin cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
 
Maliyyə Nazirliyinin yerli maliyyə orqanlarında aparılmış yoxlamaların nəticələri üzrə maliyyə orqanlarının 3 vəzifəli şəxsi tutduqları vəzifədən azad edilmiş, 8 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxsə xəbərdarlıq elan edilib.
 
Yuxarıda göstərilənlərlə bərabər, Xidmətin mütəxəssisləri tərəfindən  Baş Prokurorluğunun məktublarına və məhkəmə orqanlarının qərarlarına əsasən məktublarda və qərarlarda qeyd olunan suallar yoxlanılmış, cəmi 6027,2 min manat məbləğində israfçılıq halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə  Baş Prokurorluğa göndərilib./

Google+ WhatsApp ok.ru