“Qəbələ”dən uğursuz start, “İnter” Moldovadan qələbə ilə qayıdır 04 İyul 2014 01:00 İdman Avropa Liqasında I təsnifat mərhələsinin oyunları keçirilib Azərbaycan kubokunun finalçısı, Premyer Liqanın bürünc mükafatçısı “Qəbələ” doğma arenada Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu ilə qarşılaşıb. Avrokubokların debütantı olan əyalət klubu ilk oyununu evdə keçirib. Bu matç yeni baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında ilk rəsmi görüş olub. Oyunun ilk hissəsi “Qəbələ”nin ərazi üstünlüyü şəraitində keçib. Bununla belə, nə meydan sahibləri, nə də qonaqlar fərqlənə bilməyib. Düzdür, ilk yarının ilk 20 dəqiqəsi ərzində Dodo və Viktor Mendi hesabı açmağa yaxın idi. Ancaq hər 2 futbolçu topa vaxtında yetişə bilməyib. Fasilədən sonra rəqib özünə gəlib və oyuna daha aktiv başlayıb. “Şiroki Briyeq” xüsusən də kapitanları braziliyalı Vaqnerin ifasında təhlükəli vəziyyətlərlə yadda qalıb. Ancaq bir epizodda Kamran Ağayev, digərində isə müdafiəçilər rəqibin qol vurmasına imkan verməyib. Bununla belə, Bosniya və Herseqovina təmsilçisinin ən təhlükəli futbolçusu olan Vaqner 73-cü dəqiqədə sol cinahdan irəliləyərək iti bucaq altından endirdiyi zərbə ilə hesabı açıb. Bərabərlik arayışı faydasız qalan meydan sahibləri əsas vaxtın sonlarında daha bir qoldan sarsılıb. Bu dəfə də Vaqner fərqlənərək, görüşdə son nöqtəni qoyub. “Qəbələ” 0 “Şiroki Briyeq” 2. Beləliklə, “Qəbələ” avrokuboklarda debütündə azarkeşlərini sevindirə bilməyib. Tərəflərin cavab oyunu 1 həftə sonra səfərdə keçiriləcək. Ölkəmizi bu turnirdə təmsil edən klublardan daha biri - "İnter" də ilk sınağına çıxıb. Paytaxt klubu Moldovada "Tiraspol"la qarşılaşıb. Cütün taleyini Bakıdakı cavab matçında həll etmək üçün "bankirlər"ə səfərdən sərfəli nəticə ilə qayıtmaq lazım idi. Oyuna qonaqlar iddialı başlayıb. 8-ci dəqiqədə Baçana Sxadadze penaltidən “İnter”i önə keçirib. Bakı təmsilçisi 2 dəqiqə sonra Elvin Məmmədovla 2 top üstünlüyü əldə edib. Fasilədən sonra rəqib avtaqolla yadda qalıb. Qalan vaxt ərzində özünə gələn “Tiraspol” buraxılan toplardan ikisinin əvəzini çıxmağı bacarıb. Amma meydan sahiblərinin bərabərlik arayışları bir fayda verməyib. Bununla da Kaxaber Sxadadzenin komandası istəyinə nail olub. Baxmayaraq ki, 3 cavabsız qol vurduqdan sonra arxayınlığa yol verən təmsilçimiz vətənə darmadağınla yox, 3-2 hesablı üstünlüklə dönməli olub. İstənilən halda, "bankirlər" doğma meydanda cütün taleyini həll edə bilərlər. "İnter" "Tiraspol"la cavab matçına iyulun 10-da Bakıda çıxacaq. Avropa Liqası I təsnifat mərhələsi (ilk oyunlar) 3 iyul “Qəbələ” (Azərbaycan) – “Şiroki Briyeq” (Bosniya və Herseqovina) - 0:2 Qollar: Vaqner, 74; 89 “Tiraspol” (Moldova) – “İnter” (Azərbaycan) - 2:3 Qollar: Andrey Novikov, 78; Georgi Karaneyçev, 88 - Baçana Sxadadze, 8 (pen); Elvin Məmmədov, 10; Andrey Novikov, 71 (öz qapısına) Teqlər : #Qəbələdən uğursuz start,#İnter Moldovadan qələbə ilə qayıdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Prandelli `Qalatasaray` yolunda Neymar Dünya Çempionatının növbəti oyunlarında iştirak edə bilməyəcək