Bir daha yüksələn qiymətlər, bir daha enməz

Bir daha yüksələn qiymətlər, bir daha enməz

"Novoye Vremya" qəzetində "Manat möhkəmlənir, amma qiymət özbaşınalığı davam edir" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, son vaxtlar neftin qiymətində, az da olsa, artım var. Üstəlik, manat dollara nisbətdə, az da olsa, möhkəmlənir. Amma bazarlarda qiymətlər heç bir halda aşağı düşmür: "İndiki halda neftin qiymətinin sabitləşməsi bizim istehlak bazarına müsbət təsir etmir. Digər tərəfdən dollara nisbətdə manat da möhkəmlənir. Amma qiymətlər, xüsusilə ərzaq qiymətləri "əl yandırır". Bir sıra ərzaq mallarının qiymətləri isə günbəgün artır".
 
Müəllifə görə, bu durumu nə hökumət üzvləri, nə deputatlar, nə də ekspertlər məntiqi şəkildə izah edə bilir.
 
Yazıda vurğulanır ki, rəsmilərin nə deməsindən asılı olmayaraq, inhisar yerindədir. Onlar artıq istehlak bazarını da idarə edir.
 
Müəllifə görə, inhisar qrupları vəzifəli şəxslərə yaxındır və odur ki, bazara öz iradələrini qorxu-hürküsüz diktə edirlər: "Yoxsa hər gün baş verən qiymət artımını başqa cür izah etmək mümkün deyil. İnhisara qarşı mübarizə qurumları bu durumu görməməzliyə vururlar. Odur ki, ağızlarına su alıb durublar. Nazirlər Kabineti isə qiymət özbaşınalığına hər hansı reaksiya vermir".
 
Yazıda qeyd edilir ki, vətəndaşların sosial durumu getdikcə ağırlaşır. Üstəlik, yoxsulluq cəmiyyətdə sosial gərginliyi daim artırır: "Bu necə sosial ədalətdir ki, biri çörək almağa pul tapmır, o biri isə yağ içində yaşayır. Amma cənablar, xalqın səbrini sınağa çəkməyin, bu səbir hüdudsuz deyil". /

Google+ WhatsApp ok.ru