Qubad İbadoğlu: `Azərbaycanda hər 3 adamdan ən azı birinin banklar qarşısında borc öhdəliyi var`

Son illərdə Azərbaycan vətəndaşlarının əsas narahatlıqlsrından biri də banklar qarşısında götürdüyü borclarla bağlıdır. Məlum "21 fevral" devalvasiya addımından sonra isə hazırda vəziyyət daha da kəskin xarakter almağa başlayıb.
Maide.az xəbər verir ki, vəziyyətlə bağlı çıxış edən iqtisadçı ekspert Qubad İbadoğlunun fikrincə, ölkə vətəndaşlarının ən azından üçündən biri banklar qarşısında borclu durumdadır: "Əgər  banka borcunuz yoxdursa və cibinizdə hətta 1  manat pulunuz varsa, deməli, siz ölkə əhalisinin  38 faizindən varlısınız.
Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) üzrə 2015-ci ilin 9 ayının yekunlarına görə,   oktyabrın 1-ə ölkədə  borcalanların  sayı 2 milyion  505 min 575, zaminlərin sayı isə 1 milyon 184 min 202  nəfər olub.  Bu o deməkdir ki,  ölkə əhalisinin 38,5 faizi və ya 3,7 milyon nəfərinin  44 bank  və  41 bank olmayan kredit təşkilatı qarşısında  birbaşa və dolayı yolla öhdəliyi vardır. Müqayisə üçün qeyd edək ki, son  5 ayda birbaşa borcu olanların sayı 90 min nəfərdən çox, zaminlərin sayı isə 70 min nəfərə qədər  artıb.  MKR-in digər açıqlamasına görə,  ölkə üzrə bütövlükdə  kredit məlumatlarının sayı 10,4 milyondan çox olub. Deməli, orta hesabla 1  borcalanın 4 bank qarşısında öhdəliyi formalaşıb. Bu isə belə izah oluna bilər ki,  1  banka borcunu ödəyə bilməyənlər digər banklardan da kredit  götürməklə vəziyyətdən çıxmağa çalışırlar.  Bu da  bir çox bank  və bank olmayan kredit təşkilatlarında  borcalanlarla işin düzgün qurulmadığını xarakterizə edir".
"Yekun olaraq onu qeyd  etmək istərdim ki, ölkədə hər 3 adamdan ən azı 1-nin banklar qarşısında bu və ya digər qaydada borc öhdəliyi formalaşıb. Əgər sizin banka borcunuz yoxdursa və   cibinizdə  hətta 1 manat pulunuz varsa,  deməli, siz ölkə əhalisinin ən azı 38 faizindən varlısınız", - deyə Q.İbadoğlu vurğulayıb. /
 

Google+ WhatsApp ok.ru