Şəri-dini suallara cavablar - 3

Şəri-dini suallara cavablar - 3

Maide.Az 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 
TƏQLİDİN HÖKMLƏRİ
 
TƏQLİD ETMƏYİN VACİBLİYİ

SUAL 3: Nə üçün şəri hökmlərdə təqlid etməliyik? Təqlidin fəlsəfəsi nədir?

CAVAB: Hər bir müsəlman şəri-dini hökmlərin fəlsəfəsini öyrənmək istəyir və bu haqda maraqlanır. Təqlidin fəlsəfəsindən agahlıq isə digər hökmlərə nisbətən daha çox əhəmiyyət kəsb edir. Çünki hikmətli Allah İslam şəriətində mövcud olan vacib və haramları insanın dünya və axirət səadəti üçün nəzərdə tutmuşdur. Belə ki, insan onlara əməl etmədikdə, nə səadət və xoşbəxtliyə çatacaq, nə də əzabdan amanda qalacaqdır.

Şəri-dini hökmlərlə tanış olmaq üçün geniş agahlıq, o cümlədən, ayə və rəvayətlərin dərki, səhih hədislərlə qeyri-səhih hədisləri tanımaq, ərəb dilinin morfologiya və sintaksisini, tərkib qaydalarını, ayə və rəvayətlərin cəmlənməsi və tətbiq yolunu, bu kimi onlarla elmi-dini sahəni dərindən öyrənmək lazımdır. Bu da təbii ki, uzun illər zəhmət tələb edir. Bu nöqtəni nəzərə alaraq, hər bir mükəlləf aşağıdakı üç variantdan birinə əməl etmək məcburiyyətində qalır:

1. Şəri-dini hökmlərə dərindən yiyələnməlidir (müctəhid olmalıdır);

2. Hər bir hökmdə mövcud rəy və nəzərləri mütaliə etməli, həmin rəy və nəzərlər əsasında elə hərəkət etməlidir ki, səhvə yol verməsin (ehtiyata əməl etsin);

3. Bu sahəni dərindən bilən, şəri-dini hökmlərin əldə olunmasında mütəxəssis (müctəhid) olan bir şəxsin rəy və nəzərindən bəhrələnməlidir.

Şübhəsiz, əgər insan birinci variantda “ictihad” dərəcəsinə çatarsa, şəri-dini hökmlərdə mütəxəssis adına layiq görüləcək və digər iki variantdan ehtiyacsız olacaqdır.

İkinci variant da hər bir məsələ ilə bağlı irəli sürülmüş nəzərlərdə kafi məlumata, ehtiyat üsullarına ehtiyac duyulur və bir çox hallarda ehtiyatın çətinliyi, bunun nəticəsində adi həyat tərzinin pozulması ümumxalqın “təqlid” variantına əməl etməsinin labüdlüyünü irəli sürür.

Əlbəttə, qeyd etməliyik ki, bu üç variant yalnız şəri-dini hökmlərə deyil, hər bir sahəyə aiddir. Misal üçün, xəstəliyə tutulmuş bir mühəndisi nəzərdən keçirək. O, xəstəliyini dərman və müalicə etmək üçün, ya özü tibb elmində mütəxəssis olmalı, ya bütün həkimlərin həmin xəstəliklə bağlı nəzərlərini araşdırdıqdan sonra elə bir nüsxəyə əməl etməlidir ki, sonradan peşman olmasın, ya da hansısa bir mütəxəssis həkimə müraciət etməlidir. Sözsüz ki, birinci variant onu tez bir zamanda sağalda bilməz, ikinci variant da olduqca çətindir, geniş mütaliə və vaxt tələb etdiyindən öz mühəndislik sahəsindən yayınmaq məcburiyyətində qalacaq. Odur ki, üçüncü varianta üz tutmalı, yəni mütəxəssis həkimə müraciət etməli, onun nəzəri və nüsxəsindən yararlanmalıdır. O, mütəxəssis həkimin nəzərinə əməl etməkdə həm gələcək peşmançılıqdan, həm də yaxın və dostlarının qınağından qurtulacaq və hətta müalicə nəticəsində sağlığını da əldə edə biləcəkdir. Mükəlləf də mütəxəssis müctəhidin nəzər və fətvasına əməl etməklə həm axirət peşmançılığı və ilahi əzabdan qurtulacaq, həm də şəri-dini vəzifəsini yerinə yetirmiş olacaqdır.

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:
1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!

Google+ WhatsApp ok.ru