Ərəbistan Kralı sətəlcəmdən xəstəxanadadır!

Ağ ciyərlərindən narahat olan Səudiyyə Ərəbistanının Kralı Abdullah xəstəxanada süni tənəffüs aparatına qoşulub.
 
Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Kral Divanı Kral Abdullah bin Əbdüləzizin sətəlcəm şikayəti ilə xəstəxanaya qaldırıldığını açıqlayıb. Kralın səhhətinin stabil olduğu bildirilib.
 
Qeyd edək ki, Qərb mediası Kralın vəziyyətinin kritik olduğunu yazırlar.
 
"Reuters" xəbər agentliyinin Səudiyyə Ərəbistanı Kral Ailəsinə yaxın mənbəyə istinadən verdiyi məlumata görə, Kral Abdullah hələ bir həftə xəstəxanada qalacaq.
 
31 dekabrda Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA, Kral Abdullahın paytaxt Ər-Riyaddakı Milli Qvardiya Tibb Mərkəzində bəzi testlərdən keçdiyini bildirmişdi. Açıqlamada Kral Abdullahın sağlamlıq vəziyyətinə dair başqa məlumat verilməmişdi.
 
Eyni xəstəxanada 17 noyabr 2012-ci ildə belindən əməliyyat olan Kral Abdullah son 2 ildə 4 əməliyyat keçirib. Kral Abdullahın 91 yaşında olduğu güman edilir.
 
Qeyd edək ki, Kral Fəhdin 2005-ci ildə ölməsindən sonra Abdullah bin Əbdüləziz taxta çıxaraq, ölkənin altıncı kralı olmuşdu.

Google+ WhatsApp ok.ru