“Hizbullah” lideri terrorçulardan, İsraildən və Livanın yeni hökumətindən danışdı

“Hizbullah” lideri terrorçulardan, İsraildən və Livanın yeni hökumətindən danışdı

Livanın “Hizbullah” hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ölkənin şərqində terrrorçulara qarşı əldə edilən qələbənin 1-ci il dönümü münasibəti ilə çıxış edib.   

“Suriyada hadisələr başladığı vaxt Livan da təhlükə ilə üz-üzə qaldı. Xüsusilə Bəka bölgəsi terrorçuların hədəfində oldu. Lakin biz bunun qarşısında dayandıq və qələbə qazandıq”, - deyə Seyid Həsən Nəsrullah diqqətə çatdırıb. 

 Livanlı gənclərin düşmənlərə qarşı həmişə hazır olmalarını istəyən Seyid Həsən Nəsrullah İsrail rejimi barəsində də xəbərdarlıq edib.   

“Bu gün İsrail ordusu sosial baza cəhətdən zəifdir. Onlar öz gənclərini təşviq edə bilmirlər. Lakin bizim gənclərimiz qorxmadan onların qarşısında dayanırlar və dayanacaqlar”, - deyə Seyid Həsən Nəsrullah bildirib.   

Seyid Həsən Nəsrullah qeyd edib ki, ötən il 44 min işğalçı İsrail ordusu əsgəri psixoloji xəstəliklərə düçar olublar.   

“Biz İsrail ordusunun imkanlarını inkişaf etdirdiyini bilirik. Lakin buna baxmayaraq həmişə qarşımızda məğlubdurlar. Artıq işğalçı İsrail ordusunun müharibəyə daxil olacaq gücü qalmayıb. Onlar 2006-cı ildən bu günə qədər məğlub olmaq psixologiyasından xilas ola bilməyiblər”, - deyə Seyid Həsən Nəsrullah diqqətə çatdırıb. 

“Hizbullah” baş katibi ABŞ-ı da terrorçulara dəstək verməkdə ittiham edib. 

O vurğulayıb ki, İŞİD terrorçuları Suriya və İraqda nə vaxt çətin vəziyyətdə qalsalar ABŞ vertolyotları onların köməyinə çatıb.

“Suriyada və İraqda terrorçuları məğlub edənlər ABŞ deyil, müqavimət ordularıdır”, deyə Seyid Həsən Nəsrullah sözlərinə əlavə edib. 

“Hizbullah” lideri Livanda yeni hökumətin qurulmasından da danışıb: “Biz hökumət qurulması mövzusunda daxili görüşləri gözləyirik. Zamanımız azdır və hökumət qurulması mövzusunda yeni qruplar yaradılmalıdır. Mişel Aun prezident seçiləndən sonra bəziləri cənab prezidentin “Hizbullah” siyasətinin tətbiqedicisi olduğunu iddia etdilər. Bunu deyənlərin özləri belə yalan danışdıqlarını anlamırlar. Suriya ilə əlaqələrimizi yeni hökumət qurulandan sonra dəyərləndirəcəyik”. (eastnews.org)

Google+ WhatsApp ok.ru