ABŞ Senatından İrana yeni sanksiyalar

ABŞ Senatının Bank Komitəsi İrana yeni sanksiyalar tətbiqini nəzərdə tutan layihəni təsdiq edib.
 
Maide.az xəbər verir ki, Senatın Bankçılıq Komitəsində müzakirə olunan Senatın Xarici Əlaqələr Komitəsinin keçmiş sədri, Demokrat Partiyadan olan Nyu-Cersi senatoru Bob Menendez ilə İrana sanksiyaları müdafiə edən Respublikaçı senator Mark Kir tərəfindən hazırlanan "Nüvə silahsız İran layihəsi 2015" adlı layihə 4-ə qarşı 18 səslə qəbul edilib.
 
Layihəyə görə, Tehran rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında İranın nüvə proqramına yönələn müzakirələrin başa çatacağı 30 iyuna qədər İranın bir müqaviləyə yanaşmaması vəziyyətində, bu ölkəyə yeni iqtisadi sanksiyalar tətbiq ediləcək.
 
Layihə müzakirələrin başa çatacağı tarixə qədər İrana yeni sanksiyaların tətbiqini tələb etmir. Ancaq bir müqavilənin olmaması halında müzakirələrin başladığı 2013-dən etibarən yumşaldılan sanksiyalar yenidən qüvvəyə minəcək. Sonra da sanksiyaların hər ay artırılması nəzərdə tutulur.
 
Digər tərəfdən, layihənin İran ilə danışıqlarda siyasi çərçivə müqaviləsi üçün nəzərdə tutulan son tarix olan 24 marta qədər Senat Baş Məclisində səsverməyə çıxarması gözlənilmir.
 
ABŞ-da hakimiyyət qanadı müzakirələrin davam etdiyi bir şəraitdə İrana yeni sanksiyalar tətbiq edilməsinin müzakirələrdən istənilən nəticənin alınmamasına səbəb olacağına diqqət çəkib.
 
Qeyd edək ki, İranın "5+1"lə apardığı ilkin danışıqlar nəticəsində əldə olunan razılıq sonradan Qərb ölkələri tərəfindən manipulyasiya edilərək, əlavə şərtlər irəli sürülmüşdü.

Google+ WhatsApp ok.ru