Ayətullah İsa Qasim sürgün edilərsə, Bəhreynə inqilabın qələbəsi ilə qayıdacaq

Ayətullah İsa Qasim sürgün edilərsə, Bəhreynə inqilabın qələbəsi ilə qayıdacaq

Bəhreynli siyasətçi və Ayətullah İsa Qasimin İrandakı nümayəndəsi Şeyx Abdullah Əl-Dəkak Bəhreyn Ali Məhkəməsi tərəfindən Ayətullah İsa Qasimə qarşı başladılan məhkəmə prosesi barədə "Tasnim" xəbər agentliyinə mühüm açıqlamalar verib.
 
Deyerler.org xəbər verir ki, Şeyx Abdullah Əl-Dəkak Ali Xəlifə rejiminin cəmiyyəti psixoloji döyüş taktikaları ilə insanları müqavimətdən imtina etməyə və qorxutmağa çalışdığını bildirib: "Bunu Ayətullah İsa Qasimin ölkədən qovulacağı ilə bağlı yalan xəbərlər vasitəsilə həyata keçirməyi qarşılarına məqsəd qoyublar".
 
Şeyx Əl-Dəkak Bəhreyn xalqının əsla müqavimətdən imtina etməyəcəyini və Ayətullah İsa Qasimi müdafiə etməyə davam edəcəklərini vurğulayıb.
 
Bəhreyn rejiminin Ayətullah İsa Qasim barəsində həbs qərarı çıxaracağı təqdirdə tərəfdarlarının əsla buna icazə verməyəcəyini deyən Şeyx Əl-Dəkak belə danışıb: "Bəhreynli gənclər son qanlarına qədər Şeyx İsa Qasimi müdafiə etməyə davam edəcəklər və qələbə Bəhreyn xalqının olacaq".
 
Şeyx Bəhreyn inqilabının qısa bir müddətdə zəfər çalacağını vurğulayıb: "Əlbəttə bu çətin və səbir tələb edən bir müddətdir və Bəhreyn xalqı bütün bu çətinliklər qarşısında səbri seçərək zəfərə nail olacaq".
 
Ayətullah İsa Qasimin Bəhreyndən sürgün edilməsi vəziyyətində Bəhreyn inqilabının daha da güclənəcəyini vurğulayan Şeyx Əl-Dəkak, sözlərini belə davam edib: "İmam Xomeyninin sürgün edilməsi ilə güc əldə edən İran İslam inqilabında olduğu kimi, Bəhreyndə də oxşar bir proses yaşanmaqdadır. Keçmişdə İmam Xomeyninin inqilabın qələbəsi ilə sürgündən dönməsi kimi Ayətullah İsa Qasim də Bəhreynə inqilabın qələbəsi ilə dönəcək".

Google+ WhatsApp ok.ru