Beynəlxalq Valyuta Fondu rəhbərinə qarşı cinayət işi

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard vətəndaşı olduğu Fransada istintaqa cəlb olunub.
 
“Tapi” işi üzrə başlanılmış araşdırmada Laqard cinayətkarcasına etinasızlıqda şübhəli bilinir. Belə ki, dövlət ittihamçısına görə Fransada maliyyə naziri olarkən onun vəzifə başında göstərdiyi biganəlik nəticəsində dövlət xəzinəsinə böyük ziyan dəyib.
 
Beynəlxalq Valyuta Fondunun xanım rəhbəri ona qarşı irəli sürülən ittihamlarla razılaşmır.
 
BVF rəhbəri Kristin Laqard deyir ki, “Vəkilimə tapşırmışam ki, bu qərara qarşı bütün lazımı addımları atsın, mən bu ittihamları tam əsassız hesab edirəm. Elə bu gün Vaşinqtona iş yerimə qayıdıram”.
 
İstintaqa “Tapi” işi adının verilməsi təsadüfi deyil. 1993-cü ildə biznesmen Bernar Tapi, Adidas şirkətini investorlar qrupuna, o cümlədən “Kredite Lion” dövlət bankına satıb. Bir il sonra şirkətin aktivləri 2 qat baha qiyməti satılıb. Biznesmen investorları şirkətin həqiqi qiymətini qəsdən ucuzlaşdırmaqda ittiham edərək, ona dəymiş ziyanın ödənilməsini tələb edir.
 
Məhkəmə çəkişməsi Laqard maliyyə postuna gələnə qədər 15 il davam edib. Laqard təşəbbüsü öz üzərinə götürərək, işi arbitraj məhkəməsinə ötürür.
 
Arbitraj məhkəməsinin isə bir il sonra çıxardığı qərar böyük qalmaqal yaradır. Belə ki, sahibkar dövlət maliyyə stukturundan əlavə faizləri çıxılmaqla 400 milyon avrodan çox kompensasiya alır. Həmin vaxt müxalifətdə olmuş sosialistlər Laqardı məhkəmə sisteminə təzyiq göstərməkdə təqsirləndirib. 

Google+ WhatsApp ok.ru