BMT: `İŞİD bəşəriyyətə qarşı cinayətlər törədir`

BMT beynəlxalq ictimaiyyəti İraqda İslam Dövləti terrorçularının divan tutduqları xalqa yardıma çağırıb.  BMT rəsmiləri yaraqlıların etnik və dini azlıqlara qarşı geniş və sistemli vəhşiliklərini insanlığa qarşı cinayət adlandırıb. 
 
BMT Təhlükəsizlik Şurasının 44 üzvündən üçdə biri məsələ ilə bağlı fövqəladə yığıncağın keçirilməsinə səs verib.
 
BMT-nin bildirdiyinə görə, İslam Dövləti terrorçularının vəhşilikləri üzündən bölgədən azı 850,000 nəfər Kürdüstan regionuna qaçıb.  Xristian, yezidi, etnik və dini azlıqlardan ibarət 180 minə qədər insanın isə bölgəni bir gecədə tərk etməsi vəziyyətin dəhşətli olmasına işarədir. 
 
BMT İnsan Haqları Komissarı sədrinin müavini Flavia Pansieri yaraqlılar tərəfindən çox sayda qanun pozuntuları, qəsdən qətl halları, insan oğurluğu, cinsi və fiziki təcavüzlərin baş alıb getdiyi barədə danışır. O, məsul olduğu bölgələrdə etnik və dini təmizləmə ilə məşğul olan  islamçıları qəddarlıqda ittiham edir.
 
Flavia Pansieri bölgədəki konfliktin İraq uşaqlarına dəhşətli təsir göstərdiyini, cinsi və fiziki zorakılığa məruz qalan uşaqların məcburən yaraqlılar tərəfinə keçdiklərini deyir. Xanım Pansleri həmin uşaqlarda aldıqları mənəvi yaraların izinin daim qalacağını deyir.
 
 “Ailələr İŞİD-in 15 yaşlarında, hətta ondan da kiçik oğlan uşaqlarını məcburi olaraq öz dəstələrinə qoşduğunu deyirlər. Oradan qaçmağa nail olan uşaqlardan bəziləri ailələrinə döyüşlər zamanı yaraqlıları qorumaq üçün onları ön xəttə qoyduqlarını, digərləri isə İŞİD-ın yaraqlı döyüşçülərinə qan verdiklərini deyiblər.”
 
BMT rəsmisi Çaloka Beyani İslam Dövlətinin mədəniyyət sahələrində və dini strukturlara da basqılar etdiyini deyir. O, İŞİD-in min illik mədəniyyətləri və dini qurumları yerlə yeksan etmək istədiyini, məscidləri, ibadətgahları və digər ziyarətgahları buldozerlərlə dağıtmaq istədiyini deyir.
 
Beyani eləcə də İraq təhlükəsizlik qüvvələri tərəfindən də insan haqlarının pozulması ilə bağlı xəbərlərin gəldiyini deyir və bunları müharibə cinayətləri adlandırır.
 
BMT rəsmiləri hər kəsin insanlığa qarşı cinayətlər və ya müharibə cinayətlərinə görə cavab verməli olduğunu deyirlər

Google+ WhatsApp ok.ru