BMT uşaq qaçıran qrup və ölkələri punktlar üzrə sadalayacaq

BMT Təhlükəsizlik Şurası münaqişələrdə uşaqları qaçıran hökumətlər və silahlı qrupların aşkar edilməsinə qərar verib.
 
Maide.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında yekdilliklə qəbul edilən qərarda münaqişələrdə uşaq qaçırma üsulunun getdikcə artdığı vurğulanaraq, münaqişə bölgələrində uşaqları qaçıran qrup və hökumətlərin sadalanacağı qeyd olunub.
 
Şura 2005-ci ildə verdiyi qərarla uşaqları döyüşməyə məcbur edən qrup və hökumətlərin, 2009-cu ildə isə uşaqları öldürən, şikəst edən, ya da təcavüz edən silahlı qrup və hökumətlərin sadalanmasına qərar vermişdi.
 
BMT Baş Katibi hər il münaqişələrdə uşaqları istismar edənləri punktlar üzrə sadalayır. Builki siyahıda Qəzza hücumlarında 500-dən çox Fələstinli uşağı öldürən İsrail rejiminə yer verilməməsi səbəbindən BMT baş katibi Pan Gi-mun tənqid edilmişdi.
 
İclasda çıxış edən Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur İsrail rejiminin fələstinli uşaqlara qarşı törətdiyi cinayətlərin hesabını verməsi lazım olduğunu bildirərək, "İsrailin builki biabırçılıq siyahısından çıxarılması İsraildən hesab soruşmağa mane olmuşdur", - deyib.
 
"İsrail rejiminin hesab verməməsi cinayət törətmə mövzusunda onu daha da cəsarətləndirir", - deyən Mənsur, "BMT Təhlükəsizlik Şurası daha nə qədər İsrailin hüquqdan üstün davranmasına və uşaqlara hücum etməsinə icazə verəcək?" sualını ünvanlayıb.
 
BMT baş katibi Pan Gi-mun Şura toplantısından sonra jurnalistlərin mövzuya dair israrlı suallarına cavab verməyib.

Google+ WhatsApp ok.ru