Bütün dünyanın ayağa qalxdığı məktəbli ölümləri açıqlanıb

Ən çox məktəbli tələfatı ilə nəticələnən məktəb basqınları müəyyənləşib.
 
Talibanın ötən gün Pişəvər şəhərində həyata keçirdiyi hücum, 2004-cü ildə çeçen silahlılarının Şimali Osetiyanın Beslan qəsəbəsində törətdiyi qanlı hücumu xatırladıb. 
 
Həmin məktəb hücumunda 1100-dən çox məktəbli və müəllim heyətini 3 gün məktəbin idman zalında girov saxlayan silahlılarla rus əsgərləri arasında yaşanan silahlı qarşıdurmada 186-sı uşaq olmaqla, 385 nəfər dünyasını dəyişmişdi. Şamil Basayevə aid çeçen silahlıları rus qüvvələrinin Çeçenistandan çəkilməsi tələbi ilə bu vəhşi addımı atmışdı.
 
2011-ci il iyulun 22-də Anders Berinq Breyvik tərəfindən Oslodakı bir yataqxanada reallaşdırılan hücumda isə çoxu tələbə olmaqla, 77 nəfər öldürülüb.
 
Mütəmadi olaraq məktəblilərin öz sinif yoldaşlarını öldürməsi halı ilə məşhur olan ABŞ-da son 10 ildə ən qanlı məktəb basqını 2007-ci ildə baş verib. Bu tarixdə Virciniya Politexnik İnstitutu və Dövlət Universitetində Seunq-Hui Ço adlı tələbə iki saat fasilə ilə hücumlar həyata keçirib. Daha sonra həyatına qəsd edən Çonun hücumu zamanı isə üumimilikdə, 32 nəfər ölmüş, 17 nəfər isə yaralanmışdı. 
 
Xatırladaq ki, ötən gün Taliban yaraqlıları Pişəvər şəhərindəki hərbi məktəblərdən birinə hücum edib. Silahlılar heç bir tələb irəli sürməyiblər və binaya daxil olan kimi şagirdləri qətlə yetirməyə başlayıblar. Ölənlərdən 140-dan çoxu kursant, 9 nəfər isə müəllimdir. Yerli hüquq-mühafizə orqanlarının avtomat silah, qumbaralarla silahlanan ekstremistlərə qarşı xüsusi əməliyyatı nəticəsində isə 9 nəfər silahlı şəxs zərərsizləşdirilib, 7 hərbçi yaralanıb.

Google+ WhatsApp ok.ru