Dünyada məcburi köçkünlərin sayı artır

Dünyada məcburi köçkünlərin sayı artır

2019-cu ildə 33,4 milyon insan öz ölkəsində konflikt və təbii fəlakət nəticəsində məcburi köçkünə çevrilib. Koronavirus pandemiyası isə onların vəziyyətini daha da pisləşdirib. Bu haqda monitorinq qrupları aprelin 28-də hesabat yayıblar.
 
Beləliklə, ötən il evindən didərgin düşənlərin sayı 50,8 milyon nəfərə çatıb. Məcburi Köçkünlüyün Monitorinqi Mərkəzi (MKMM) və Norveç Qaçqın Şurası belə deyir.
 
26 milyona yaxın insan isə qaçqın kimi sərhədləri keçməli olub.
 
“Məcburi köçkünlər adətən sıx məskunlaşmış düşərgələrdə, fövqəladə sığınacaqlar və qeyri-rəsmi məntəqələrdə yaşayırlar, zəif durumdadırlar, tibbi xidmətə çıxışları yoxdur”, – MKMM direktoru Alexandra Bilak deyib.
 
Ötən il 24,9 milyona yaxın insan təbii fəlakətlər nəticəsində məcburi köçkünə çevrilib. Afrikada daşqınlar isə 2 milyon nəfəri evindən didərgin salıb.
 
8,5 milyon nəfər Əfqanıstan, Suriya və digər yerlərdə münaqişələr və zorakılıqlar nəticəsində məcburi köçkün həyatı yaşamağa başlayıb.
 
“İldən-ilə münaqişə və zorakılıq milyonlarla insanı evindən çıxmaq məcburiyyəti qarşısında qoyur. Biz kollektiv olaraq dünyanın ən zəif qrupunu qoruya bilmirik”, – Norveç Qaçqın Şurasının Baş katibi Jan Egeland deyib. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru