Egeydə Yunanıstanın hərbi vertolyotu qəzaya uğrayıb

Egeydə hərbi manevrə qatılan Yunanıstan Dəniz Qüvvələrinə aid "Augusta Bel" tipli vertolyot səhərə yaxın "Nikoforos Fokas" gəmisindən qalxdıqdan bir müddət sonra Leros adası yaxınlığında itib.
 
Maide.az xəbər verir ki, Yunanıstan müdafiə naziri köməkçisi Dimitris Viças vertolyotun radarlardan saat 02.45-də itdiyini deyərək, bölgədə axtarış işlərinin davam etdiyini söyləyib. Vertolyotda olan üç əsgərin aqibətinin naməlum olduğunu bildirən Viças, "Vertolyotda olan üç adamın öldüyünü söyləmək hələ tezdir. Axtarış işləri davam edir", - deyib.
 
Yunan mətbuatı qəzaya uğrayan vertolyotun bəzi parçalarının Kinaros adasında tapıldığını yazıb. Yunanıstan baş naziri Aleksis Çiprasın bölgədəki axtarış işləriylə əlaqədar davamlı məlumatlandırıldığı bildirilir. Brüsseldə olan Yunanıstan müdafiə naziri Panos Kammenos qəza səbəbiylə təcili olaraq Afinaya dönüb.

Google+ WhatsApp ok.ru