Ekvador dəhşəti: 272 ölü, 2068 yaralı - VİDEO

Ekvadorda 1949-cu ildən bəri ən güclü zəlzələ nəticəsində həlak olanların sayı 272 nəfərə çatıb.
Milli.Az Reuters-ə istinadən bildirir ki, bunu dünən millətə müraciətində ölkə prezidenti Rafael Karrera deyib. Onun sözlərinə görə, 2068 nəfər yaralanıb.
 
"Hələlik 272 nəfərin həlak olması barədə rəsmən təsdiqlənmiş məlumatlar var. Faciənin miqyası nəhəngdir. Lakin fəsadları aradan qaldırmağa başlamışıq. Dağıntıların miqyası təxminlənəndən az olsa da, son 67 ildə ən böyük faciə ilə qarşılaşmışıq", - dövlət başçısı söyləyib.
Hazırda hərbçilər, yanğınsöndürənlər və xilasedicilər dağıntılar altında sağ qalmış insanların axtarışları ilə məşğuldur. Zəlzələdən ən çox zərər çəkmiş bölgələrə iki mobil hospital göndərilib.
 
Rixter şkalası ilə 7,8 bal gücündə zəlzələ aprelin 16-da Ekvadorun şimal-qərbindəki Manab vilayətində, Pedernales şəhərində baş verib. Zəlzələnin episentri 20 km dərinlikdə olub. 6 vilayətdə fövqəladə vəziyyət elan olunub. Regionun bir sıra ölkələri, o cümlədən Boliviya, Kolumbiya və Venesuela artıq Ekvadora xilasedicilərlə humanitar yardımlar yollayıblar.
 
Zəlzələdən sonra Manabi şəhərindəki həbsxanadan yüzlərlə məhbus qaçıb. Onların bəzisi artıq tutulub, bir qismi könüllü olaraq geriyə, həbsxanaya qayıdıb.
Ekvadorun ədliyyə naziri Ledi Sunyiqa Roçanın dediyinə görə, zəlzələ nəticəsində zərər çəkmiş həbsxanada yaralılar barədə dəqiq məlumatlar yoxdur.
Ekvadorun vitse-prezidenti Xorxe Qloas bu gün bəyan edib ki, yeraltı təkanlar daha çox Manta, Portevieho və Quayakil şəhərlərinə ziyan vurub.
 

Google+ WhatsApp ok.ru