Gürcü hüquq müdafiəçisini oğlunun məzarı üstündə partlatdılar

Gürcü hüquq müdafiəçisi Yuri Vazaqaşvili Kasp rayonunda (Şida Kartli regionu) qəbristanlıqda partladılıb.
 
Bu barədə Front News “Rustavi-2” telekanalına istinadən xəbər verir.  
 
Partlayış Vazaqaşvilinin oğlunun məzarı üzərində baş verib. Əldə olunan məlumatlara görə, qurğu güldana quraşdırılıbmış.
 
Qəbristanlığın yerləşdiyi kəndin sakinləri danışırlar ki, Vazaqaşvili oraya qonşusunun dəfn mərasimində iştirak üçün gəlibmiş. Güman olunur ki, o, mərasimdən əvvəl oğlunun məzarını ziyarət etmək qərarına gəlib (yerli sakinlər partlayışı təşkil edənlərin bundan xəbərdar olduqlarını və ona görə də bombanı Vazaqaşvilinin oğlunun məzarına quraşdırdıqlarını söyləyirlər). 
 
Gürcüstan prokurorluğu hadisə ilə bağlı “Qəsdən adamöldürmə” maddəsi ilə təhqiqata başlayıb.
 
“Novosti Qruziya”nın məlumatına görə, Vazaqaşvilinin oğlu 2006-cı ildə, quldurluqda şübhəli bilinən şəxslərin zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat zamanı öldürülüb. Müxalifət nümayəndələri və hüquq müdafiəçiləri silah tətbiq etmiş polisin hərəkətlərinin qanuna zidd olduğunu bildirirdilər. 2007-ci ildə ilkin istintaq polislərin səlahiyyətlərini aşmamaları barədə qərar çıxarsa da, 2012-ci ilin sonunda, Gürcüstanda hakimiyyət dəyişdikdən sonra təhqiqat yenidən aparılmağa başladı.
 
Bildirilir ki, Vazaqaşvilinin özün Saakaşvilinin dövründə onun hakimiyyətinə qarşı çıxır, etiraz aksiyaları təşkil edirdi. O, hazırda Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu” koalisiyasını dəstəkləsə də, son zamanlar onların işindən narazı olduğunu da gizlətmirdi.

Google+ WhatsApp ok.ru