Öldürülən terrorçu İŞİD-in bomba mütəxəssisi olub

İŞİD-in Səudiyyə Ərəbistanı vətəndaşı olan üzvlərindən birinin öldürülməsindən bir neçə gün keçdikdən sonra onun terrorçuların Suriyadakı bomba mütəxəssisi olduğu ortaya çıxıb.
 
Maide.az xəbər verir ki, İŞİD-ə aid saytlarda yayımlanan məlumatda İsmayıl Abdullahın Səudiyyə Ərəbistanı vətəndaşlıqlı ən yaşlı təşkilat üzvü olduğu bildirilir.
 
Londonda dərc olunan "əl-Həyat" qəzetindəki xəbərə görə isə bu terrorçu böyük ehtimalla Suriyanın "Eynul-Ərab" (Kobani) şəhərində öldürülüb.
 
İŞİD terror təşkilatı Əbu İbrahim Cəzravi ləqəbli bu terroristin öldürüldüyünü iki gün əvvəl təsdiqləməklə birlikdə onun həqiqi şəxsiyyətinə və harada öldürüldüyünə dair məlumat verməyib. Lakin qısa bir müddət sonra bu terroristin qəbiləsinə mənsub olan saytlardan verilən xəbərlər onun kimliyini ortaya çıxarıb. 42 yaşlı Cəzravi Ərəbistanın cənubundakı Əbha şəhəri sakinlərindən olub. O, Suriyada İŞİD terror təşkilatına qatılmamışdan əvvəl Riyad şəhərindəki Xüsusi Məlik Faysal Xəstəxanası işçilərindən imiş. Suriyada yaralandıqdan sonra döyüşlərdə aktiv iştirak edə bilməyib və müəyyən müddət sonra aldığı təhsillə təşkilatın bomba mütəxəssisi olub.

Google+ WhatsApp ok.ru