Məmurları türməyə ekskursiyasya aparırlar: ibrət dərsi almaları üçün

Çində rüşvət və korrupsiya hallarına qarşı mübarizədə ən müxtəlif üsullara əl atılır. Onlardan biri də məmurların və onların ailə üzvlərinin türmələrə ekskursiyalarının təşkil olunmasıdır.
 
Məlumata görə, ÇİN hökuməti dövlət məmurları ibrət dərsi alsınlar deyə, vaxtaşırı onların həbsxanalara ekskursiyalarını təşkil edir. Məmurlar məhbəs həyatı ilə yaxından tanış olur, törədəcəkləri cinayətlərin sonrakı nəticələri barədə əyani informasiyalar əldə edirlər.
 
Ötən ildən başlayaraq qruplar halında təşkil olunan ekskursiyalara qatılmaq məcburidir. Artıq yüzlərlə iri çinli məmur həbsxana gəzintisinə çıxıb.
 
Bu tədbirlərin məqsədinə aydınlıq gətirən Çin Milli İnkişaf və İslahat Komitəsinin başçısı Xu Şao Şi gəzintilərin ibrət dərsi almağa kömək etdiyini bildirib.
 
Qeyd edək ki, Çində dövlət başçısı Xi Jin Ping tərəfindən başladılan korrupsiya ilə mübarizə kampaniyası çərçivəsində hökumətin və ictimai təşkilatların onlarla yüksək səviyyəli yetkilisi həbsə atılıb.
 
Onu da qeyd edək ki, Çində rüşvət və korrupsiyaya görə, ölüm də daxil olmaqla, müxtəlif cəzalar verilir.(Virtualaz)

Google+ WhatsApp ok.ru