Medvedev: “Koalisiya tərəfindən İŞİD-ə endirilən zərbələrin legitimliyi sual altındadır”

ABŞ-ın rəhbərliyi altında İŞİD-ə qarşı koalisiya BMT Təhlükəsizlik Şurasının razılığı olmadan yaradılıb və Suriyada əməliyyatları bu ölkənin razılığı olmadan aparır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev “Əl-Əhrəm” qəzetinə müsahibəsində bəyan edib. “ABŞ-ın rəhbərliyi altındakı beynəlxalq koalisiya İraqın silahlı qüvvələrinə dəstək verir. Anlayırıq ki, bu İraq hökumətinin xahiş ilə baş tutub. Eyni zamanda, koalisiya BMT Təhlükəsizlik Şurasının razılığı olmadan yaradılıb və Suriya hökumətinin razılığı olmadan əməliyyatları bu ölkənin ərazisinə keçirib. Bu kimi addımların legitimliyi sual altındadır. Yeri gəlmişkən, bunu Türkiyə aviasiyasının İraq ərazisində endirdiyi hava zərbələrinə də şamil etmək olar”, deyə D.Medvedev bildirib. Onun sözlərinə görə, terrorizmlə mübarizədə bir ölkənin səyləri kifayət deyil. Bunun üçün BMT-nin himayəsi altında geniş koalisiya yaradılmalı, səylər birləşdirilməlidir. “İraq və Suriyada milli barışıq yalnız siyasi prosesin bütün iştirakçılarının dialoqu əsasında mümkündür”, deyə D.Medvedev əlavə edib. /

Google+ WhatsApp ok.ru