Moldovada prezident seçkisi ikinci tura qalıb

Moldovada prezident seçkisi ikinci tura qalıb

İlk turda qadın namizəd önə çıxdı

Moldovada prezident seçkisi ikinci tura qalıb.
 
Noyabrın 1-də səkkiz namizədin iştirakı ilə keçirilmiş ilk turda sabiq baş nazir, Hərəkət və Həmrəylik Partiyasının lideri Mayya Sandu 35,9% səslə önə çıxıb. O, noyabrın 15-nə təyin olunmuş ikinci turda indiki prezident İqor Dodonla yarışacaq. Dövlət başçısı birinci turda səslərin 32,7%-ni toplayıb.
 
1972-ci il təvəllüdlü Mayya Sandu Moldovada İqtisadi Təhsil və Dövlət İdarəçiliyi akademiyalarını, ABŞ-da Harvard Dövlət İdarəçiliyi İnstitutunu bitirib.
 
2012-2015-ci illərdə maarif naziri, 2019-cu ilin iyun-noyabr aylarında baş nazir olub.
 
1975-ci il təvəllüdlü İqor Dodon iqtisad elmləri doktorudur. Moldova hökumətində müxtəlif postlar, o cümlədən baş nazirin birinci müavini, iqtisadiyyat və ticarət naziri vəzifələrini tutub, Sosialist Partiyasının sədri olub. 2016-cı il noyabrın 13-də keçirilən ümumxalq səsverməsində prezident seçilib.
 
Moldovada prezidentin səlahiyyət müddəti 4 ildir.
 
Parlament respublikası olan ölkədə hökuməti 101 yerlik qanunverici orqanda mandatların yarıdan çoxuna sahib olan partiya qurur. /Novator.az/
 

Google+ WhatsApp ok.ru