Pentaqon ərəbləri qoruyur

Ərəb Liqasının liderləri "İslam Dövləti" silahlı qruplaşmasındakı sünni ekstremistlər və Yəməndə İranın dəstəklədiyi Husi silahlıları ilə mübarizə üçün birgə hərbi qüvvə yaratmaq barədə razılaşmaya Pentaqondan dəstək gəlib.
 
ABŞ-ın müdafiə naziri Eşton Karter Nyu-Yorkda sünni liderlərin təşəbbüsünü dəstəkləyərək deyib ki, planlaşdırılan birgə hərbi birlik yaxşı fikirdir.
 
ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf deyib ki, Vaşinqton Ərəb Liqası qüvvəsinin dəqiq strukturu və əməliyyat mandatını gözləyir.
 
Xatırladaq ki, bu razılaşma martın 29-da Ərəb Liqasının Misirdəki sammitində elan edilib. Səudiyyə Ərəbistanı, Misir və müttəfiqləri regional böhranlara hərbi müdaxilə üçün yeni qətiyyət göstərmək niyyətindədir.
 
Birgə qüvvənin necə işləyəcəyi barədə detallar gələn ay hazırlanacaq, tam təklif isə dörd aya ortalığa qoyulacaq.
 
Hazırda Səudiyyə Ərəbistanı ilə 10 sünni dövlətdən ibarət koalisiya Yəməndə şiə husilərə hava zərbələri endirir.(ans)

Google+ WhatsApp ok.ru