Qırğızıstan Avrasiya İttifaqına qoşuldu, Azərbaycan da maraq göstərir

Bu gün Rusiya prezidenti Vladimir Putin Qələbənin 70 illiyinin bayram edilməsi münasibətilə keçirilən mərasimlərə qatılmaq üçün Moskvaya gedən xarici ölkə liderləri ilə görüşlərə başlayıb.
 
Virtualaz.org saytı ORT telekanalına istinadən xəbər verir ki, az əvvəl Moskvada Putinin sədrliyi ilə Avrasiya İttifaqına üzv olan ölkələrin prezidentlərinin görüşü keçirilib.
 
Görüşdə çıxış edən Putin Avrasiya İttifaqının üzv ölkələr üçün necə sərfəli olduğu, ittifaqın fəaliyyətə başlamasından sonra ticarət həcminin 20 milyard dollar artdığını bildirib.
 
Rusiya prezidenti ittifaqa üzv ölkələri vahid pul-kredit siyasətinə keçməyə və iqtisadi artım tempini birgə müəyyən etməyə çağırıb.
 
Toplantıda Qırğızıstanın Avrasiya İttifaqına üzvlüyünə dair sənədlər imzalanıb. Bundan əvvəl xəbər verilirdi ki, Qırğızıstan tərəfi bəzi əlavə şərtlər irəli sürüb və bu üzdən ölkənin ittifaqa üzvlüyü mayın 8-də baş tutmaya bilər.
 
ORT Kremldəki mənbələrə istinadən xəbər verib ki, İran, Azərbaycan, Hindistan və Monqolustan da Avrasiya İttifaqı ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
 
Avrasiya İttifaqının toplantısından sonra MDB-yə üzv ölkələrin dövlət başçılarının tam tərkibdə olmasa da qeyri-formal görüşü başlayıb./
 

Google+ WhatsApp ok.ru